Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
İngiltərənin "Oksford Yunayted" klubunun ev oyunlarını keçirdiyi Kassam Stadionunun şəkillərinə baxanda ilk diqqət çəkən şey dördüncü tribunanın olmamasıdır. Bəs üç tərəfi qapalı olan bu stadionun bir tərəfi niyə tamamilə açıqdır və avtomobil dayanacağına baxır?
Bunun arxasında olduqca maraqlı və bir az da şanssız bir hekayə dayanır. Mən nəql eləyim, siz qulaq asın.
Stadionun inşası 1990-cı illərin sonunda başlayanda klub ciddi maliyyə çətinlikləri ilə üzləşdi. Tikinti xərcləri 15 milyon funt-sterlinqi keçdikdən sonra layihəni idarə edənlər podratçı şirkətlərə ödənişləri dayandırmalı oldular. Nəticədə tikinti işləri düz 4 il boyunca tamamilə yarımçıq və baxımsız qaldı.
Daha sonra biznesmen Firoz Kassam klubu və layihəni xilas etmək üçün gələndə xərcləri minimuma endirmək qərarına gəldi. Artıq başlanmış olan 3 tribuna tamamlandı, lakin büdcəyə qənaət etmək məqsədilə planlaşdırılan dördüncü tribunadan tamamilə imtina edildi. Hətta dördüncü tribunanın bəzi bünövrə elementləri hələ də o geniş avtomobil dayanacağının altında basdırılmış vəziyyətdə qalır!
İllər öncə azarkeşlər klub rəhbərindən dördüncü tribunanın nə vaxt tikiləcəyini soruşduqda, o, tarixə düşən belə bir cavab vermişdi: "Siz hələ əlimizdə olan 3 tribunanı doldurun, sonrasına baxarıq!"
Azarkeşlərin "külək tuneli" adlandırdığı və oyun zamanı bütün atmosferin o açıq tərəfdən uçub getdiyi bu stadion yaxın illərdə tarixə qovuşacaq. Çünki "Oksford Yunayted" rəhbərliyi artıq 4 tərəfi də tam qapalı olan və müasir standartlara cavab verən yeni stadion layihəsi üzərində işləyir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2026)


