Onun adı Elmi Fantastika və Fantastika Şöhrət Zalına daxil edilib Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün 77 yaşını qeyd edən Lois Bukold (Lois Joy McMaster Bujold) 2 noyabr 1949-cu ildə ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində anadan olub. O, uşaqlıq illərindən kitablara və ədəbiyyata böyük maraq göstərib. Onun elmi-fantastika janrına marağının yaranmasında atasının mühüm rolu olub. Atası Ohayo Dövlət Universitetində mühəndislik professoru idi. Lois hələ doqquz yaşında olarkən elmi-fantastik əsərlər oxumağa başlayıb.

 

Bu maraq zaman keçdikcə onun gələcək peşə seçiminə və yaradıcılığına təsir göstərib. Bucold Ohayo Dövlət Universitetində təhsil alıb. Gənclik illərindən yazıçılıqla maraqlansa da, bu sahədə peşəkar fəaliyyətə başlaması bir qədər vaxt aparıb. Lois Makmaster Bucold peşəkar yazıçılıq fəaliyyətinə 1980-ci illərdə başlayıb.

1982-ci ildən etibarən əsərlərini nəşr etdirmək məqsədilə ciddi şəkildə yazmağa başlayıb. 1985-ci ildə onun ilk peşəkar nəşrləri oxucuların diqqətini cəlb edib. 1986-cı ildə isə ilk üç elmi-fantastik romanı nəşr olunub:

- Shards of Honor — Şərəf qırıntıları

- The Warrior's Apprentice — Döyüşçünün şagirdi

- Ethan of Athos — Atoslu İtan

Bu əsərlər sonradan onun ən məşhur yaradıcılıq layihələrindən birinə çevrilən Vorkosigan silsiləsinin əsasını təşkil edib. Bucoldun yaradıcılığında elmi-fantastika, fantastika, macəra, siyasi mübarizə, insan münasibətləri və mənəvi seçimlər mühüm yer tutur.

Onun əsərlərində yalnız gələcək dünyanın texnologiyaları deyil, insan xarakteri, cəmiyyət, hakimiyyət, müharibə və ədalət məsələləri də geniş şəkildə təsvir olunur. Lois Makmaster Bucold müasir elmi-fantastika və fantastika ədəbiyyatının ən çox mükafat qazanan yazıçılarından biridir.

 

Onun əsas mükafatları:

- Hugo mükafatı: 7 dəfə qalib olub.

- Nebula mükafatı: 3 dəfə qalib olub.

- Mythopoeic Fantasy mükafatı: The Curse of Chalion əsərinə görə 2002-ci ildə.

- Damon Knight Memorial Grand Master: 2019-cu ildə bu fəxri ada layiq görülüb, mükafatlandırma mərasimi 2020-ci ildə keçirilib.

- Skylark mükafatı: 2011-ci ildə.

- 2017-ci ildə Vorkosigan Saga, 2018-ci ildə isə World of the Five Gods silsiləsi Hugo mükafatının ən yaxşı silsilə nominasiyasında qalib olub.

 

Lois Makmaster Bucold elmi-fantastika və fantastika janrlarının inkişafına mühüm töhfələr vermiş müəlliflərdən hesab olunur. Onun yaradıcılığı göstərir ki, elmi-fantastika yalnız kosmik səyahətlər, texnologiyalar və gələcək sivilizasiyalar haqqında deyil. Bu janr vasitəsilə insanın kimliyi, cəmiyyətdəki mövqeyi, mənəvi dəyərləri və həyat mübarizəsi də araşdırıla bilər.

 Xüsusilə Maylz Vorkosiqan obrazı dünya elmi-fantastika ədəbiyyatının yaddaqalan qəhrəmanlarından birinə çevrilib. Bucoldun əsərləri bu gün də elmi-fantastika və fantastika oxucuları arasında maraq doğurur. 2026-cı ildə onun adı Elmi Fantastika və Fantastika Şöhrət Zalına da daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.