“Maraqlı söhbətlər”də And dağlarının dəhşətli sirri Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1972-ci oktyabrın 12-də Uruqvayın "Old Christians" adlı komandası Çilinin Santiaqo şəhərinə yarış üçün yola düşür.

And dağları üzərindən keçən təyyarə hava şəraiti pisləşdiyinə görə gecə uçuşunu təxirə salaraq Argentinanın Mendoza şəhərinə enir. Oktyabrın 13-də yenidən havaya qalxan təyyarə dağ keçidi ilə uçmağa başlayır.

Hündürlüyü 4000 mentrdən yüksək olan dağların üzərindən keçməsinə baxmayaraq, alçaqdan uçan təyyarə qəzadan yayına bilməyir. Çili-Argentina sərhəddi yaxınlığında, daha sonra “Göz yaşları buzlağı” adlandırılacaq zirvəyə dəyən təyyarənin sağ qanadı qopur. Qopan hissə geriyə sovrularaq təyyarənin quyruğunda böyük deşik açır. İdarəetmədən çıxan təyyarə əvvəlcə dik yamaca çırpılır, daha sonra qar yığınına ilişərək dayanır.

Qəza zamanı təyyarədə olan 45 sərnişindən 12-si elə yerindəcə ölür. Hadisədən bir gün sonra 5 nəfər də həyatını itirir. Qəzanın 8-ci günü yaralılardan biri də ölür. Sağ qalan 27 nəfər isə And dağlarının yüksəkliyində dondurucu soyuğun altında ölümə qarşı mübarizə aparmağa davam edirlər.

Qəzanın 16-cı günüdə qar uçqunu 8 nəfərin də canını alır. Qəzanın 60-cı gününəcən 3 nəfər də həyatını itirir. Qalan 16 nəfər isə öz səyləri nəticəsində xilas ola bilirlər. Amma necə?

Qəzadan sonra onlarla yaralı vardı. Amma sağ qalanların arasında cəmi iki nəfər tibb oxuyan tələbə var idi. Onlar bacardıqları qədər ilkin tibbi yardım göstərsələr də, bu kifayət deyildi. Sınıqları, çıxıqları olanlar, qanaxması olan yaralılar vardı. Bir də aclıq və dondurucu soyuq. Bu səbəbdən də zəif düşən hər kəs ölümə məhkum idi.

İtən təyyarənin axtarışlarına üç ölkənin xilasetmə-axtarış qüvvələri cəlb olunur. Lakin ağ təyyarə qarın içində görünməz idi.

Qəzada sağ qalanların bu şiddətli soyuqda nə irəliləməyə yönləri, nə də isti geyimləri var idi. Təyarənin izolyasiya materiallarından hazırladıqları yorğanlarla qızınır, 3-4 nəfərlik quruplar halında bu yorğanların altında yatırdılar.

Ən böyük problem isə aclıq idi. Qəzadan sonra iki gün təyyarədən tapdıqlarını yesələr də, qidalar qısa zamanda tükənmişdi. Çemodanlardan tapdıqları şokolad, biskvitləri də yedikdən sonra geriyə heç nə qalmamışdı. Qarla örtülü bu yüksəklikdə nə bir bitki örtüyü, nə də yeməyə heyvan tapılırdı. Həyatda qala bilmək üçün ağır qərar vermək lazım idi: Ölən yoldaşların cəsədlərini yemək...

Ölənlərin əksəriyyəti sinif yoldaşları, dostları, yaxınları idi. Bəziləri başda çəkinsələr də, aclığa güc gələ bilmədilər.

Qəzadan xilas olanlardan Nando Parrado 2006-cı ildə yayımladığı kitabda həmin məsələ barəsində belə yazır:

“Acından ölürdük və yemək tapa bilmirdik. Axtarırdıq, təyyarənin içini, kabinləri, göyərtəni. Heç nə tapa bilmirdik. Dəri çemodanların üzünü qopardıb yeməyə çalışdıq. Onların tərkibində olan kimyəvi maddələrin bizə necə ziyan olduğunu bilə-bilə. Təyyarənin oturacaqlarını, bəlkə saman taparıq, deyə sökdük, amma matrasdan başqa bir şey yox idi.”

Qəzanın 11-ci günündə təyyarədən tapdıqları radionu dinləyərkən aparılan axtarışların dayandırıldığını öyrəndilər. Aldıqları xəbərdən ümidsizliyə düşsələr də, uzun müddət ölmüş yoldaşlarının ətini yeyərək həyatda qaldılar. 60-cı gündə tək xilas yolunun qərbə doğru gedərək dağları aşmaq olduğunu anladılar. Sağ qalan qrupdan iki nəfər corablarına cəsədlərdən qopardıqları tikələri yığaraq dekabırın 12-də dağa dırmanmağa başladı. Yürüşlərin 9-cu günü 3 nəfər kəndli ilə qarşılaşdılar. Ertəsi gün kədlilərin çağırdığı yardım dəstəsi qəzanın 70-ci günü iki nəfəri xilas etdi. Həmin xəbəri geridə qalanlar radioda eşitdilər. Qəzanın 71-ci günü 6 nəfər, 72-ci günü isə son 8 nəfər xilas edildi.

Xilas edilənlər, yanlarında olan pendirləri yeyərək sağ qaldıqlarını deyirdilər. Ammahəqiqəti isə ailələrinə demişdilər. Həqiqət isə bundan ibarət idi ki, onlar ölülərin ətini yeməklə sağ qalmışdılar. Hadisənin dünya mətbuatında böyük marağa səbəb olması, qəza yeri jurnalistləri də cəlb edir. Hadisə yerindən çəkilmiş dəhşətli kadrlar dəhşətli faktı üzə çıxarırı. Ölənlərin yaxınları və bütün rəsmilər həyatda qalanların bu davranışına haqq versələr də, mətbuat məhz ölülərin ətini yemə məsələsinə diqqət çəkərək faktları cəmiyyətə yaydı. Bu da 16nəfərin sağ qalmaq mübarizəsini başqa dona bürüdü. Media sayəsində sağ qalanlar, qəhrəman yox, adamyeyən kimi yaddaşlarda qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.