Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir gün dünyanın çərxi dəyişir və eşşək meşənin şahı olur. Şah olandan bir neçə gün sonra qanun verir. Qanuna görə hamı axşam saat 6-da yatıb, səhər saat 6-da oyanmalıdır. 12 saat ərzində meşədə tam sakitçilik hökm sürməlidir. Qanunu pozan isə cəzalandırılacaq.
Bu minvalla bir müddət meşədə sakitlik davam edir.
Bir gün xoruz sübh tezdən 5-də oyanaraq banlamağa başlayır. Meşədə aləm dəyir bir-birinə. Məhkəmə qurulur və eşşəyin hökmü ilə xoruz edam edilir. Xoruzun edamından sonra hamı şahın qorxusundan bir daha bu qanunu pozmağa cürət etmir.
İllər ötür və eşşək qocalıb taqətdən düşür. Meşədə bir küncə çəkilərək ölümünü gözləyir. Şir ona yaxınlaşır, hal-əhval tutduqdan sonra deyir:
- Sən indi axır günlərini yaşayırsan. Biz meşə əhlinə maraqlıdır ki, sənin axşam saat 6-da bizi yatmağa və səhər saat 6-da oyanmağa əmr edən qanununun hikməti nədir? Biz vəhşi heyvanlar bir neçə dəfə istədik qiyam edib bu qanunu dəyişək. Amma meşədə asayiş pozulacaq deyə bunu etmədik. Özümüzə fikirləşdik ki, yəqin ki, bu qanunda biz bilmədiyimiz nəsə bir hikmət var.
Eşşək isə cavabında deyir:
- Açığı, elə mənə də indiyə kimi maraqlıdır ki, görəsən eşşəkliyim səbəbindən çıxartdığım bu qanuna meşənin heyvanları niyə qoyun kimi itaət edirlər?!
“Ədəbiyyat və incəsənət”
(20.10.2026)


