Monika Belluççi – bu adı eşitməyən kinosevər çətin tapılsın Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əlbəttə, əldə imkanolsabizdə bu dahi aktrisanı təbrik edər, 62 yaşına 61, yaxud 63 qızılgül hədiyyə edərdik. O adi aktrisa deyil, o bir kino kultudur. Monika Belluççi barədə danışıram.

 

İndi isə təfsilat. Monika Belluççi (Monica Anna Maria Bellucci) — məşhur italyan kinoaktrisası və keçmiş modeldir. O, həm Avropa, həm də dünya kinosunun ən tanınmış simalarından biri hesab olunur. Monika Belluççi 30 sentyabr 1964-cü ildə İtaliyanın Umbria bölgəsində yerləşən Città di Castello şəhərində anadan olub.

O, əvvəlcə hüquq təhsili almağı planlaşdırıb və Peruca Universitetində hüquq üzrə oxuyub. Təhsil xərclərini qarşılamaq üçün model kimi çalışmağa başlayıb. Sonradan modellik onun əsas peşəsinə çevrilib. 1988-ci ildə Milana köçərək Elite Model Management ilə əməkdaşlığa başlayıb.

Dolce & Gabbana, Dior və digər böyük moda markaları ilə çalışaraq beynəlxalq model kimi tanınıb.  Belluççi aktyorluğa 1990-cı illərin əvvəllərində başlayıb. Onun beynəlxalq səviyyədə diqqət çəkməsində “Bram Stoker's Dracula” — “Bram Stokerin Drakulası” (1992) filmi mühüm rol oynayıb.

1996-cı ildə çəkildiyi “The Apartment” — “Mənzil” filmi ona böyük diqqət qazandırdı və aktrisa bu roluna görə Sezar mükafatına namizəd olub.  Onun ən məşhur rollarından biri isə Cüzeppe Tornatorenin “Malèna” — “Malena” (2000) filmindəki Malena Skordia obrazıdır. Film Belluççinin dünya miqyasında tanınmasına böyük təsir göstərdi.

 

Ən məşhur filmləri

- “Bram Stoker's Dracula” (1992) — Bram Stokerin Drakulası

- “The Apartment” (1996) — Mənzil

- “Malèna” (2000) — Malena

- “Under Suspicion” (2000) — Şübhə altında

- “Brotherhood of the Wolf” (2001) — Qurdların qardaşlığı

- “Asterix & Obelix: Mission Cleopatra” (2002) — Asteriks və Obeliks: Kleopatranın missiyası

- “Irréversible” (2002) — Dönməz

- “The Matrix Reloaded” (2003) — Matrisa: Yenidən yüklənmə

- “The Matrix Revolutions” (2003) — Matrisa: İnqilablar

- “The Passion of the Christ” (2004) — Məsihin ehtirasları

- “The Brothers Grimm” (2005) — Qrim qardaşları

- “Shoot 'Em Up” (2007) — Atəş aç!

- “The Whistleblower” (2010) — İfşaçı

- “On the Milky Road” (2016) — Süd yolu ilə

- “Spectre” (2015) — 007: Spektr

- “Beetlejuice Beetlejuice” (2024) — Bitlcus Bitlcus

 

2003-cü ildə Belluççi “The Matrix Reloaded” və “The Matrix Revolutions” filmlərində Persephone obrazını canlandırıb. 2015-ci ildə isə “Spectre” filmində Lucia Sciarra rolunda çıxış edib. O zaman 50 yaşında olub və Bond filmlərindəki qadın obrazları haqqında ənənəvi təsəvvürlərin dəyişməsinə nümunə olub.

Belluççi həmçinin səhnə fəaliyyətində də iştirak edib. 2019-cu ildə Mariya Kallas haqqında hazırlanan Letters and Memoirs tamaşasında səhnəyə çıxaraq teatr debütünü edib. Belluççi karyerası ərzində müxtəlif İtaliya və beynəlxalq mükafatlara layiq görülüb.

2006-cı ildə Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin cəngavər dərəcəsinə, 2016-cı ildə isə Fəxri Legion ordeninə layiq görülüb. 2021-ci ildə ona David Speciale mükafatı təqdim edilib.

Monika Belluççinin əsas xüsusiyyəti yalnız gözəlliyi ilə deyil, italyan, fransız və beynəlxalq kino arasında keçid edə bilməsi ilə seçilən, dramatik və müəllif filmlərindən tutmuş böyük Hollivud layihələrinə qədər müxtəlif janrlarda çalışan aktrisa olmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.