İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İtaliya kinosunun ən məşhur və nüfuzlu aktyorlarından biri, XX əsr Avropa kinosunun əfsanəvi simalarından idi. O, xüsusilə Federiko Fellini ilə əməkdaşlığı, zərif ekran obrazları və dramatik rolları ilə tanınırdı MarçelloMastroyanni. Bu gün onun doğum günü – anadan olmasının 102-ci ildönümüdür.
Mastroyanni İtaliyanın Fontana Liri şəhərində anadan olub. Ailəsi sonradan Turin və Romaya köçdü. İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfindən əsir düşərgəsinə göndərilib, lakin oradan qaçaraq Venesiyada gizlənib. Müharibədən sonra aktyorluğa daha ciddi şəkildə yönəlib.
Onun istedadını məşhur rejissor Lukino Viskonti də görüb. Viskontinin verdiyi imkanlar Mastroyanninin peşəkar aktyor kimi inkişafında mühüm rol oynayıb. Mastroyanninin beynəlxalq şöhrətinin əsas dönüş nöqtələrindən biri Federiko Fellininin “La Dolce Vita” (1960) filmi olub.
O, filmdə jurnalist Marçello Rubini obrazını canlandırıb. Bu filmdən sonra onun adı dünya kinosunun ən böyük ulduzları arasında çəkilməyə başlayıb. Daha sonra Fellini ilə “8½” (1963) və başqa mühüm filmlərdə də çalışıb. Maraqlıdır ki, Mastroyanni “Latın sevgilisi” obrazı ilə məşhurlaşdırılsa da, özü bu stereotiplə tam razı deyildi.
O, daha çox həssas, düşüncəli və mürəkkəb xarakterləri oynamağa üstünlük verib. Onun yaradıcılığında xüsusilə bu filmlər seçilir:
- La Dolce Vita — Şirin həyat (1960)
- La Notte — Gecə (1961)
- Divorzio all'italiana — İtalyansayağı boşanma (1961)
- 8½ — Səkkiz yarım (1963)
- Matrimonio all'italiana — İtalyansayağı evlilik (1964)
- Una giornata particolare — Xüsusi gün (1977)
- Oci ciornie / Dark Eyes — Qara gözlər (1987)
- Ginger e Fred — Cincer və Fred (1986)
Kann Film Festivalının arxivində onun “La Dolce Vita”, “8½”, “Divorzio all'italiana”, “Una giornata particolare”, “Oci ciornie” və bir çox başqa filmləri xüsusi yer tutur.
Mastroyanni üç dəfə “Oskar”ın ən yaxşı aktyor nominasiyasına namizəd olub:
1963 — “Divorzio all'italiana”
1978 — “Una giornata particolare”
1988 — “Oci ciornie”
O, həmçinin Kann Film Festivalında iki dəfə ən yaxşı aktyor mükafatını qazanıb:
1970 — “Dramma della gelosia”
1987 — “Oci ciornie”
Bundan başqa, BAFTA, “Qızıl Qlobus”, David di Donatello və digər nüfuzlu kino mükafatlarına layiq görülüb.
Mastroyanninin kino tarixində ən məşhur tərəfdaşlarından biri Sofiya Loren idi. Onlar birlikdə bir neçə filmdə çəkilmiş və ekran üzərində çox güclü aktyor tandemi yaratmışdılar. “Matrimonio all'italiana” və “Ieri, oggi, domani” kimi filmlər onların əməkdaşlığının ən məşhur nümunələrindəndir
Marçello Mastroyanni 19 dekabr 1996-cı ildə Parisdə, 72 yaşında vəfat edib. Buna baxmayaraq, onun yaratdığı obrazlar Avropa kinosunun klassikləri sırasında qalır. Onun xatirəsinə 1998-ci ildən Venesiya Film Festivalında “Marcello Mastroianni Award” adlı mükafat təqdim edilir. Bu mükafat festivalda xüsusilə seçilən gənc aktyor və aktrisalara verilir.
“Ədəbiyyat və incəsənət”
(28.09.2026)


