İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İndi çox-çox uzaq illərə - 16-cı əsrə güzar edəcəyik, mövzumuz əlbəttə ki ədəbiyyatdır. Zaman 1580-ci il, məkan İspaniya.
Futbol və zəngin mədəniyyət ölkəsində 14 sentyabr gününün öz özəlliyi var. Bu gün “Kevedo günü”dür.
Francisco de Quevedo y Villegas İspaniyanın Qızıl əsrinin (Siglo de Oro) ən mühüm şairlərindən, nasirlərindən, satiriklərindən və mütəfəkkirlərindən biridir. O, iti zəkası, söz oyunları, kəskin satirası, fəlsəfi düşüncələri və cəmiyyətin qüsurlarını amansız şəkildə tənqid etməsi ilə məşhurlaşıb. Onun yaradıcılığı poeziya, roman, siyasi-fəlsəfi nəsr, dini əsərlər və satirik yazıları əhatə edir.
Fransisko de Kevedo 14 sentyabr 1580-ci ildə Madriddə anadan olub. Ailəsi İspaniyanın şimalındakı Kantabriya bölgəsindən gələn zadəgan mənşəli hidalqolar nəslinə mənsub idi. Atası sarayda katib vəzifəsində çalışır, anası isə kraliça sarayında xidmət edirdi. Buna görə Kevedo uşaqlıqdan İspaniya sarayının siyasi və sosial mühiti ilə yaxından tanış olub.
O, uşaqlıq illərində valideynlərini itirib və təhsilinə yezuitlərin idarə etdiyi Madrid İmperator Kollecində davam edib. Daha sonra Alkala de Enares Universitetində təhsil alıb, fəlsəfə, ilahiyyat və klassik dillərlə maraqlanıb. Onun latın, yunan və müxtəlif müasir dillərlə maraqlandığı, geniş humanitar biliklər qazandığı məlumdur.
Kevedo yalnız ədəbiyyatla kifayətlənən insan deyildi. O, siyasət, din, fəlsəfə, tarix və dövlət idarəçiliyi ilə də ciddi şəkildə maraqlanırdı. Saray mühitində yaşaması ona həm hakimiyyətin imkanlarını, həm də onun arxasında gizlənən korrupsiya və sosial problemləri yaxından görmək imkanı verib. Kevedo İspan ədəbiyyatının ən parlaq dövrlərindən birində yaşayıb. Bu dövr İspaniyanın Qızıl əsri adlandırılıb.
Həmin dövrdə Migel de Servantes, Lope de Veqa, Luis de Qonqora, Pedro Kalderon de la Barka kimi böyük sənətkarlar fəaliyyət göstəriblər. Kevedo da bu nəhəng ədəbi mühitin ən seçilən nümayəndələrindən idi. Onun yaradıcılığında həmin dövrün ziddiyyətləri aydın görünür: bir tərəfdə İspaniyanın siyasi və mədəni qüdrəti, digər tərəfdə isə yoxsulluq, korrupsiya, sosial bərabərsizlik və siyasi böhran. Kevedo öz əsərlərində məhz bu ziddiyyətləri kəskin şəkildə göstərib.
Kevedo çox məhsuldar müəllif idi. O, təxminən 875 şeir yazmış və dövrünün demək olar ki, bütün əsas poetik janrlarında qələm sınayıb. Onun şeirləri satirik, məhəbbət, dini, fəlsəfi, əxlaqi və elegik mövzuları əhatə edib. Onun yaradıcılığında xüsusilə satira mühüm yer tutur. Kevedo insanların xəsisliyini, riyakarlığını, tamahkarlığını, savadsızlığını və hakimiyyət hərisliyini lağa qoyub
Lakin onu sadəcə "gülüş ustası" adlandırmaq düzgün olmazdı. Onun satirasının arxasında ciddi fəlsəfi fikir dayanıb. Kevedo insan həyatının keçiciliyi, ölüm, zaman, mənəvi zəiflik və insanın öz ehtiraslarına məğlub olması haqqında da yazıb. Kevedonun ən məşhur əsərlərindən biri “Historia de la vida del Buscón”, yaxud qısa şəkildə “El Buscón”dur.
Əsərin əsas qəhrəmanı Pablos adlı yoxsul bir gəncdir. O, cəmiyyətdə özünə daha yüksək mövqe qazanmağa çalışıb və bunun üçün müxtəlif yollar sınayır. Əsər pikaresk roman ənənəsinin mühüm nümunələrindən hesab olunur. Kevedo Pablosun macəraları vasitəsilə İspaniya cəmiyyətinin müxtəlif təbəqələrini göstərib. Burada yoxsulluq, sosial fərqlər, saxta zadəganlıq, tamahkarlıq və insanın yüksəlmək üçün hər cür hiyləyə əl atması satirik dillə təsvir edilib.
“El Buscón” Kevedonun həm yumor, həm də sosial tənqid baxımından ən mühüm əsərlərindən biridir. Kevedonun digər məşhur əsəri “Los Sueños” — “Yuxular” silsiləsidir. Bu əsərlərdə müəllif sanki yuxu görür və yuxular vasitəsilə müxtəlif insanlarla, günahkarlarla, korrupsionerlərlə, riyakarlıq edənlərlə və cəmiyyətin başqa nümayəndələri ilə qarşılaşıb. Əslində isə "yuxu" Kevedo üçün cəmiyyəti müşahidə etmək vasitəsidir.
O, insanların real həyatda gizlətdikləri xüsusiyyətlərini satirik və bəzən çox sərt şəkildə üzə çıxarıb. Əsərin ilk çapı 1627-ci ildə Barselonada olub. Kevedo xüsusilə sonetləri ilə məşhurdur. Onun poetik dili çox sıx, obrazlı və mənaca zəngindir.
Şeirlərində tez-tez:
zamanın sürətlə keçməsi
ölüm
insan həyatının qısalığı
məhəbbət
qocalıq
vətən
din
insanın mənəvi mübarizəsi
cəmiyyətin qüsurları
kimi mövzulara müraciət edir. Onun məşhur şeirlərindən biri “Miré los muros de la patria mía” (“Vətənimin divarlarına baxdım”) əsəridir. Burada şair həm öz ölkəsinin, həm də insan həyatının tənəzzülü və keçiciliyi haqqında düşünüb. Şeirlərinin böyük hissəsi ölümündən sonra toplu halında nəşr edilmişdir. Məsələn, “El Parnaso español” 1648-ci ildə çap olunub.
Əsas əsərləri
Kevedonun yaradıcılığından ən mühüm nümunələr:
- “El Buscón” — pikaresk roman
- “Los Sueños” — satirik-fəlsəfi əsərlər silsiləsi
- “La Hora de Todos” — sosial satira
- “Política de Dios” — siyasi-fəlsəfi əsər
- “España defendida” — İspaniya və onun mədəniyyəti haqqında əsər
- “Providencia de Dios” — dini-fəlsəfi əsər
- “El Parnaso español” — şeirlər toplusu
- “Miré los muros de la patria mía” — ən tanınmış poetik nümunələrindən biri
Kevedonun həyatının ən ağır mərhələlərindən biri uzunmüddətli həbs dövrü olub. 1639-cu ilin sonlarında o, San-Markos de Leon monastırında həbs edilib. Həbsinin səbəbləri siyasi xarakter daşıyıb və onun hökumətə qarşı satirik yazının müəllifi olması ilə əlaqələndirilib. O, burada təxminən dörd il keçirib. Həbs illəri onun sağlamlığına ciddi təsir göstərib.
Buna baxmayaraq, bu dövrdə klassik müəllifləri yenidən oxuyub, fəlsəfi və dini əsərlər üzərində işləyib. 1643-cü ildə azadlığa çıxdıqdan sonra əvvəlki həyatına tam şəkildə qayıda bilmədi. Səhhəti zəifləyib. Son illərini daha sakit həyat sürərək keçirib. Fransisko de Kevedo 8 sentyabr 1645-ci ildə Villanueva de los İnfantesdə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)


