İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Beyons — müasir pop və R&B musiqisinin ən məşhur simalarından biri, müğənni, bəstəkar, prodüser, aktrisa, rəqqasə və sahibkardır. O, güclü vokalı, möhtəşəm səhnə performansları və musiqidə müxtəlif janrları birləşdirməsi ilə dünya miqyasında böyük nüfuz qazanıb.
Beyoncé Giselle Knowles 4 sentyabr 1981-ci ildə ABŞ-ın Texas ştatının Hyuston şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib və çox erkən yaşlarında səhnəyə çıxmağa başlayıb. O, cəmi 9 yaşında qızlardan ibarət musiqi qrupuna qoşulub. Qrup əvvəlcə Girl's Tyme adlanıb və 1993-cü ildə Star Search televiziya proqramında iştirak edib. Daha sonra bu kollektiv Destiny's Child qrupuna çevrilib.
Destiny's Child 1990-cı illərin sonlarında dünyanın ən uğurlu qadın qruplarından birinə çevrilib. Beyoncé qrupun aparıcı vokalçısı kimi xüsusilə seçilib. “Bills, Bills, Bills”, “Say My Name”, “Survivor” və “Bootylicious” kimi mahnılar qrupun ən məşhur əsərlərindəndir. Beyoncé Destiny's Child ilə ilk üç Grammy mükafatını qazanıb.
2003-cü ildə Beyoncé ilk solo albomu Dangerously in Love-ı buraxıb. Albom onun qrupdan kənarda da böyük ulduza çevriləcəyini göstərib. Albomdan çıxan “Crazy in Love” mahnısı Jay-Z ilə əməkdaşlığın nəticəsi olub və böyük beynəlxalq hitə çevrilib. “Baby Boy” da ABŞ Billboard Hot 100 siyahısında birinci yerə yüksəlib. Albom Beyoncé-yə bir gecədə 5 Grammy qazandırıb
Sonrakı illərdə o, ardıcıl olaraq uğurlu albomlar təqdim edib:
- Dangerously in Love — 2003
- B'Day — 2006
- I Am... Sasha Fierce — 2008
- 4 — 2011
- Beyoncé — 2013
- Lemonade — 2016
- Renaissance — 2022
- Cowboy Carter — 2024
Xüsusilə “Single Ladies (Put a Ring on It)”, “Halo”, “If I Were a Boy”, “Run the World (Girls)”, “Love on Top”, “Drunk in Love”, “Formation”, “Break My Soul” və “Texas Hold 'Em” onun ən tanınmış mahnıları sırasındadır.
“Beyoncé” albomu – böyük dəyişiklik
2013-cü ildə çıxardığı Beyoncé albomu musiqi sənayesində fərqli təqdimat üsulu ilə yadda qalıb. Albom əvvəlcədən geniş reklam kampaniyası olmadan qəfil yayımlandı və hər mahnıya uyğun vizual materiallar hazırlanıb. Bu yanaşma sonrakı illərdə digər böyük sənətçilərin albom təqdimatlarına da təsir göstərib.
“Lemonade”
2016-cı ildə yayımlanan Lemonade Beyoncé yaradıcılığının ən mühüm əsərlərindən hesab olunur. Albomda sevgi, ailə, xəyanət, qadınlıq, şəxsi ağrı, tarix və afroamerikalı kimliyi kimi mövzular ön plana çıxır. Beyoncé albomu sadəcə mahnılar toplusu kimi deyil, həm də vizual hekayə kimi təqdim edib. “Formation”, “Sorry”, “Hold Up”, “Freedom” və “All Night” albomun ən diqqətçəkən mahnılarındandır.
“Renaissance”
2022-ci ildə Beyoncé Renaissance albomunu təqdim edib. Albomda pop, R&B, house, disco və dance musiqisinin elementləri birləşdirilib. “Break My Soul” albomun ən böyük hitlərindən biri olub. 2023-cü ildə Renaissance Beyoncé-yə Best Dance/Electronic Music Album Grammy mükafatını qazandırıb və onun Grammy tarixində ən çox mükafat qazanan sənətçi kimi rekord yaratmasına imkan verib.
“Cowboy Carter” və country musiqisinə keçid
Beyoncé-nin karyerasında ən maraqlı dönüşlərdən biri 2024-cü ildə yayımlanan Cowboy Carter albomu olub.
Albom country, Americana, blues, R&B və pop elementlərini bir araya gətirirdi. Albomun əsas mahnılarından biri “Texas Hold 'Em” olub. Beyoncé bununla country musiqisinin tarixində afroamerikalı sənətçilərin roluna da diqqət çəkib. “Texas Hold 'Em” onun country musiqisi istiqamətində yeni mərhələsinin başlanğıcı olub
Sahibkarlıq fəaliyyəti
Beyoncé musiqi ilə yanaşı biznes sahəsində də fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə moda, kosmetika, ətir və digər istehlak məhsulları ilə bağlı layihələr həyata keçirib. Onun IVY PARK adlı geyim markası xüsusilə məşhurlaşıb. Beyoncé öz brend və layihələrinin yaradılmasında yalnız reklam siması kimi deyil, yaradıcı tərəf kimi də iştirak edib.
Xeyriyyəçilik və sosial fəaliyyəti
Beyoncé müxtəlif xeyriyyə layihələrində iştirak edib və təhsil, gənclərin inkişafı, sosial yardım və təbii fəlakətlərdən zərər çəkən insanlara dəstək kimi istiqamətlərdə fəaliyyət göstərib. Onun BeyGOOD təşəbbüsü müxtəlif sosial layihələri dəstəkləyir.
“Ədəbiyyat və incəsənət”
(04.09.2026)


