“Biri ikisində” Alsunun araşdırması ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Alsunun dahi ingilis şairi və dramaturqu Uilyam Şekspir bardə araşdırdığı 15 faktı təqdim edilir.

 

ARAŞDIRMA

ALSU

 BEŞ ƏSRDİR YAŞAYAN DAHİ: ŞEKSPİR HAQQINDA BİLİNMƏYƏN 15 FAKT

 

23 aprel həm Ümumdünya İngilis Dili Günü, həm də “Eyvon şairi” hesab olunan Uilyam Şekspirin doğum və vəfat günüdür. “Hamlet”, “Maqbet”, “Romeo və Cülyetta” kimi ölməz əsərlərin müəllifinin həyatı olduqca maraqlı, müəmmalı məqamlarla doludur.

1.

8 uşaqlı ailənin ən böyüyü olan Uilyam Şekspir orta təbəqəli bir ailədə böyümüş, atası dəri, yun, o cümlədən əlcək satışı ilə məşğul olmuşdur. Müəllifin doğum və ölüm tarixinin eyni olduğu məsələsi isə olduqca mübahisəlidir. Belə ki, kilsə qeydləri Şekspirin 23 aprel 1616-cı ildə vəfat etdiyini təsdiqləsə də, Şekspirin dəqiq hansı gün doğulduğu barədə heç bir rəsmi doğum şəhadətnaməsi yoxdur (o dövrdə belə bir sənəd yox idi). Lakin kilsə qeydlərində onun 26 aprel 1564-cü ildə vəftiz olunduğu yazılıb. O dövrün ənənəsinə görə, körpələr doğulduqdan, təxminən, 3 gün sonra vəftiz edilirdi. Bununla da, Şekspirin doğum günü 23 aprel kimi qəbul edilib. Eyni zamanda, aprelin 23-ü İngiltərənin himayədarı olan Müqəddəs Georgi Günüdür (St. George's Day). İngilislər öz ən böyük şairlərinin məhz bu milli gündə doğulub-öldüyünə, bu “mükəmməl təsadüf”ə inanmağı seçirlər. Hər il dünyanın hər yerində, o cümlədən, Şekspirin doğma şəhəri Stratford-apon-Eyvonda insanlar dramaturqun doğum gününü qeyd etmək üçün bir yerə toplaşır.

 

2.

Dram, faciə, komediya, kimi müxtəlif janrlarda qələmini sınayan müəllif olduqca məhsuldar yaradıcılığa malikdir. Bundan əlavə, çoxlu sayda şeirləri, xüsusən də, sonetləri ilə tanınır. Təkcə 1609-cu ildə o, 154 sonetini çap etdirib.

 

3.

Bütün ədəbi dahiliyi ilə yanaşı, Şekspir həm də “fərasətli” biznesmen idi.  Belə ki, vergilərdən yayınan şair qıtlıq dövründə sonradan baha qiymətə satmaq üçün qanunsuz formada qida ehtiyatı toplamışdı. O, böhran vaxtı taxıl ehtiyatı yığmaq ittihamı ilə məhkəməyə belə, verilib.

 

4.

Şekspir ingilis dili lüğətinə 1700-ə yaxın söz, söz birləşməsi əlavə edib. Bəziləri buna “Şekspir ingilis dilini ixtira edib” kimi yanaşır. Əslində isə, o, London küçələrində, gündəlik həyatda istifadə olunan sözləri əsərində işlədərək o sözləri, bir növ, sənədləşdirib. Bu sözlərə “swagger” (özündənrazı), “critic” (tənqidçi), “bedroom” (yataq otağı), “lonely” (tənha), “addiction” (asılılıq) kimi işlək sözlər daxildir. “Heart of gold” (ürəyi qızıldan olmaq), “good riddance” (əlvida, xoş getdin) birləşmələri isə məhz Şekspirin əsərlərindən məişət ingiliscəsinə keçib.

 

5.

Şekspirin qəbrində “Bu daşlara toxunmayan adama alqış, sümüklərimi yerindən tərpədənə isə lənət olsun!” yazılıb. Belə ki, o dövrdə köhnə qəbirlərin çıxarılması, qəbir yerinin təkrar istifadə edilməsi geniş yayılmışdı. Qəbirüstü yazının Şekspirin “Məzarımı narahat etməyin!”  xəbərdarlığı olduğuna inanılır.

 

6.

Şekspirin pyeslərinin böyük əksəriyyətində, təxminən,  iyirmi beşində hadisələr İngiltərədən kənarda baş verir. Məsələn, “Romeo və Cülyetta” İtaliyada, “Hamlet” Danimarkada, “Otello” Venesiyada cərəyan edir. Amma təəccüblüdür ki, Şekspirin  hansısa ölkəyə səyahət etməsinə dair heç bir sübut yoxdur. Güman edilir ki, o heç vaxt İngiltərəni tərk etməyib.

 

7.

Dahi yazıçının həyatında elə bir dövr var ki, tarixçilər bunu “Lost Years” (İtirilmiş illər) adlandırır. Səbəb isə çox sadədir: heç kim onun həmin vaxt-1587-1592-ci illərdə nə etdiyini bilmir. Bu dövr onun əkiz övladları Hamnet və Cuditin vəftiz olunduğu illə  (1587-ci il)  başlayır,  ədibin Londonda məşhur dramaturq kimi tanınması ilə  (1592-ci il)  başa çatır. Bəzi fərziyyələrə görə,  Şekspir bu illərdə ya müəllim işləyib, ya da hansısa problemlər ucbatından şəhəri tərk edib.

 

8.

 Dahi sənətkarın ən şöhrətli, eyni zamanda, ən uzun faciəsi olan “Hamlet” ilk dəfə 1600 və ya 1601-ci ildə Londonun məşhur “Qlobus” (Globe Theatre) teatrında tamaşaya qoyulub. “Hamlet” dünya tarixinin ən çox sitat gətirilən əsərlərindən biridir. Xüsusilə də, Hamletin monoloqu zamanı deyilən məşhur “Olmaq və ya olmamaq - bax, budur sual” (To be, or not to be, that is the question) misrası oxucular tərəfindən əzbər deyilir.

 

9.

Dahi dramaturqun şirniyyatlarla, ləziz xörəklərlə arası çox yaxşı olub. Pyeslərində tez-tez dəbdəbəli ziyafətlərə və geniş süfrələrə rast gəlməyimiz təsadüfi deyil. Onun ən sevdiyi desertin isə o dövrün İngiltərəsində çox məşhur olan “marchpane” (badamlı keks, bir növ müasir marzipan) olduğu təxmin edilir. Şekspir bu şirniyyatı o qədər çox sevirdi ki, “The Two Noble Kinsmen” pyesində personajların təmtəraqlı ziyafətdən həzz aldığı səhnədə, hətta “marchpane” üçün, bir növ, resept də qeyd etmişdi. O dövrdə badamlı şirniyyatlar bahalı və lüks qida sayılırdı. Şekspirin əsərlərində bu təamdan bəhs etməsi onun, həm də, yüksək zövqə sahib olduğunu göstərir.

10.

Bəzi müasir araşdırmalarda  Şekspirin dövrünün texnoloji dəyişikliklərindən təsirlənmiş olduğu irəli sürülür. Hətta “Qış nağılı” (The Winter's Tale) əsərindəki personajlardan birinin çap maşınının ixtiraçısı Yohann Qutenberqdən ilhamlandığı deyilir. Lakin bu fikirlər akademik dairələrdə geniş şəkildə qəbul olunmur.

11.

 Görkəmli şair kart və zər oyunlarını çox sevirdi. (Hətta   Şekspirsevərlər arasında bir iddia mövcuddur ki, ədib bir dəfə kart oyununda böyük məbləğdə pul uduzub, yaxın dostu, məşhur aktyor Riçard Burbec onu borcdan xilas edib). Onun oyunlara olan həvəsi bəzi pyeslərində, məsələn, “Venesiya taciri”ndə  risk və bəxt mövzularında özünü büruzə verir.

12.

Şekspirin heyvanlara olan sevgisi əsərlərində onları tez-tez təsvir etməyindən bəllidir. Müəllifin Mistres adında sadiq iti var idi. Bu itə müəllifin  “The Winter's Tale” və “The Two Noble Kinsmen” kimi əsərlərində “rast gəlinir”.

13.

Dostları və həmkarları Şekspiri gizli-gizli “bard”  adlandırırdılar. Bu söz fransız mənşəli olub, mənası “şair” deməkdir. Maraqlıdır ki, bu gün bütün dünya onu məhz bu gizli ləqəblə - “Böyük Ozan” , “Eyvon şairi” kimi tanıyır.

14.

Musiqi alətində ifa edən,  hətta mahnı bəstələdiyi deyilən Şekspir  musiqini çox sevirdi. Bu sevgi onun bir çox pyeslərində, o cümlədən, “Yay gecəsinin yuxusu” və “On ikinci gecə” əsərlərində əks olunur. Ədibin pyeslərində tez-tez Elizabet dövründə İngiltərədə məşhur olan mahnılar və rəqslər yer alır. Bəzi alimlər inanır ki, Şekspirin ilham mənbəyindən biri də İntibah dövrü musiqisi olub.

15.

Heç bilirsinizmi, niyə 23 aprel, həm də, Ümumdünya İngilis Dili Günüdür? Bu qərar 2010-cu ildə BMT tərəfindən verilib.  Qərarın məqsədi “çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək” idi.  Təqvim ilinin 4-cü ayının 23-cü gününün əlamətdarlığa layiq görülməsi isə, əlbəttə ki, təsadüfi deyil! Belə ki, “ingilis dilinin atası” sayılan U. Şekspir, sadəcə, əsərlər yazmır, sanki ingilis dilini yenidən inşa edirdi. Bu gün ingilis dilində istifadə olunan 1700-dən çox sözü və yüzlərlə məşhur ifadəni ilk dəfə yazılı ədəbiyyata məhz Şekspir gətirib.

Beləliklə, 23 apreldə təkcə bir dil deyil, həm də o dili dünya səviyyəsinə qaldıran, onun inkişafında misilsiz xidmətləri olan bir dahinin mirası qeyd edilir. Şekspirin əsərləri ingilis dilinin gözəlliyinin, zənginliyinin, bədiiliyinin və poetikliyinin ən parlaq nümunələrindən biridir. Bəlkə də, elə buna görə, əsrlər keçsə də, bu əsərlər aktuallığını qoruyur və geniş oxucu kütlələrinin ürəyinə yol tapmaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.