“Maraqlı söhbətlər”də restorandakı inanılmaz hadisə Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir türkün söhbətini diqqətiniə çatdırıram:

Restoranda oturmuşdum. Birdən telefonla danışan bir adam sevincindən qışqırmağa başladı. Sevincdən az qala göz yaşları ilə dolan bu adam danışığını qurtarandan sonra hamı eşidə biləcəyi bir səslə ofisianta dedi:

-Mənim adımdan restoranda olanların hamısına plovüstü kabab verin! 18 ildən sonra ata olmuşam!

Bir neçə gün sonra həmin adamı təsadüfən küçədə gördüm. Yanında 3-4 yaşlarında bir oğlan usagı da var idi. Uşaq ona “Ata” deyə müracət edirdi. Restorandakı o hadisə yadıma düşdü. Maraq məni götürdü. Yaxınlaşıb, o gün restorandakı etdiyi hərəkətin səbəbini bilmək istədim.

Hamin adam könülsüz və həvəssiz də olsa, o hadisəni danışdı:

-Həmin gün restoranda məndən bir stol aralı yaşlı bir ər-arvad oturmuşdu. Qadın menyuya baxandan sonra ərinə: ”Kaş bu gün plov üstündə kabab yeyə biləydik”  söylədi. Əri isə utancaq və yazıq halda bildirdi ki, pulu ancaq şorba almağa catacaq.

Bunu eşidəndə elə bil üstümə qaynar su tökdülər. Tikə boğazımda qaldı. Ona görə mən də yalançı telefon zəngi ilə onlara kömək etmək istədim.

-Bunu təkcə onlara da edə bilərdin. Bəs niyə restorandakıların hamısını qonaq etdin ki?-deyə soruşdum.

O ciddiləşərək dedi:

-Mən bütün malımın getməsinə razı olaram, amma heç bir insanın alçalmasına razı olmaram. Əgər mən bunu açıqca etsəydim, kişi həyat yoldaşının yanında çox utanc vəziyyətə düşərdi. Həm də ki, xanımı da bunu qəbul etməzdi. Ona görə bunu dolayı yolla etdim.

 

“Ədəbiyyat və incəsənət”

 

(28.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.