“Maraqlı söhbətlər”də Reyqanın yumor hissi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

İdman şərhçisi, karyerası ərzində 54 filmə çəkilmiş kinoaktyor, Kaliforniya ştatının qubernatoru, Amerika Birləşmiş Ştatlarının 40-cı (1981-1989) prezidenti Ronald Reyqan ABŞ prezidentləri arasında güclü yumor hissinə malik siyasətçi kimi tanınıb.

 

O, xüsusilə SSRİ haqqında olan lətifələrin hədsiz həvəskarı olub və sovet liderləri ilə görüşəndə bu lətifələri danışmaqdan zövq alıb.

Hətta Mixail Qorbaçovla görüşündə çəkinmədən ona həmin lətifələrdən birini həvəslə söyləyib:

 

“Moskvanın mağazalarında alkoqollu içikilərə uzun növbə yaranır. Növbəsinə az qalmış bir kişi növbədən çıxanda, hamı ona təəccüblə baxır. Saatlarla növbə gözləyib, araq almadan getməyinin səbəbini ondan soruşurlar. O, əsəbi halda cavab verir:

-Belə yaşayış olmaz, gedib Qorbaçovu öldürəcəyəm.

Çox keçməmiş əsəbi kişi geri qayıdır. Növbədə duranlar ondan niyə qayıtdığını soruşduqda, o belə cavab verir:

-Qorbaçovu öldürmək istəyənlərin növbəsi araq növbəsindən də uzundur...”

 

Başqa bir lətifədə deyilir:

 

“Amerikalı ilə sovet vətəndaşı yol gedərək söhbət edirlər. Mövzuları siyasətdən olur. Amerikalı deyir:

-SSRİ-də demokratiya yoxdur. Məsələn, Amerikada Ağ Evin qarşısında Reyqana söyəndə həmin şəxsə heç kim dəymir.

SSRİ vətəndaşı isə cavabında deyir:

-Bizdə bu məsələ daha yaxşıdır. Kremlin qarşısında Reyqana söyənlərə nəinki dəymirlər, hətta mükafat da verirlər...”

 

Onun növbəti zarafatı isə SSRİ-nin Silahlı Qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib və az qala qalmaqala səbəb olacaqdı. Belə ki, 11 avqust 1984-cü ildə Reyqan radio vasitəsi ilə növbəti ənənəvi müraciətinə hazırlaşıb. Onun bu müraciəti dini qruplara daxil olan şagirdlərin digər şagirdlər kimi dövlət məktəblərinə getmək hüququ haqqında imzaladığı sərəncamla bağlı olub. Mikrafonların hələ qoşulmadığını zənn edən Reyqan zarafatla edəcəyi nitqi səsləndirməyə başlayıb:

 

“Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın (o, SSRİ yox, məhz Rusiyanın adını çəkib) bombalanmasına başlanılacaq.”

 

Mikrafonlar açıq olub, Reyqanın bu müraciəti efirdə səslənib. Saniyələr ərzində Reyqanın müraciəti Kremlə çatdırılıb. SİTA dərhal SSRİ rəsmilərinin bəyanatını yayıb, SSRİ Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yalnız səfirliklər vasitəsilə məsələyə aydınlıq gətirildikdən sonra Kreml sakitləşib.

Ən maraqlı lətifələrdən biri də onun özü haqqında danışdığı lətifədir. O,bunu nəinki diplomatik tədbirlərdə, hətta böyük auditoriyalarda tələbələr qarşısında çıxış edərkən həvəslə danışırdı:

 

“Gecənin birində şirin yuxuda olan Reyqan dəhşət içində yerindən dik atılır. Ərini qorxmuş və tər içində görə Nensi Reyqan soruşur:

-Sənə nə olub,Ronni?

-Dəhşətli bir yuxu gördüm.

-Nə yuxu?

--Görürəm ki, Kremldə iclas sarayındayam,mən də zalda oturmuşam. Tribunada isə Brejnevdir. O çıxış edərək deyir:Əziz yoldaşlar! Biz Bryanskda və Orlovdakı vəziyyət və görüləcək işlər barədə hesabatı dinlədik. İndi isə Vaşinqtondakı vəziyyət haqqında eşitmək istəyirəm. Söz verilir Sovet İttifaqı Kommunist Partiyası Vaşinqton vilayəti partiya komitəsinin 1-ci katibi Reyqan yoldaşa. Bütün zal mənə baxırdı. Mən isə çıxışa hazır deyildim.”

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.