İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hər bir xalqın qürur mənbəyi olan tarixi şəxsiyyətləri var ki, onların adı tarixə qızıl hərflərlə yazılır. Bizdə belə adlar az deyil. Bu adlardan ən birinci səhifədə dayananı Şah İsmayıl Xətai hesab oluna bilər.
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olub. 9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub olub. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olunub və 5 il burada saxlanılıb.
Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytarıb. Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edilib. Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub ediblər.
Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürülüb. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişib. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edilib və öldürülüb. Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək ediblər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını alan Eybə Sultanın dəstələri şəhərə daxil olublar.
İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçüb və üç gün ərzində orada qalıb. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verilib. Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətiriblər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin edib.
1500-cü ilin yazında şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq rayonuna, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət edib. Burada Qızılbaşlara ərəşli və zülqədər tayfaları qoşulublar. İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəlib. Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşulub.
İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəlib. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatıb. Şeyx İsmayıl Azərbaycandan Kiçik Asiyaya keçənə qədər şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət 7000 qazi toplanıb.
İsmayıl əmirlərinin Gürcüstana və indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycana bir neçə basqınından sonra 1500-cü ildə I Fərrux Yasara qarşı yeddi min qızılbaşla hücuma keçib.
Abidin bəy Davaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli döyüşən qızılbaşlar arasında olub.
Şah İsmayıla Şirvan əhli olan bir nəfərdən xəbər çatır ki, Fərrux Yasar İsmayıla da atasının aqibətinin üz tutacağını bildirib. İsmayıl Gilana yollanıb və əhalidən öyrənib ki, Şirvanşah onun yaxınlaşdığını eşidib, müharibəyə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilən Qəbələ qalasına gedib. Bu səbəbdən, İsmayıl Şamaxını tutmaq qərarına gəlib.
O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə adamlarından Qulu bəyi Şamaxıya göndərib. Lakin İsmayıl Şamaxıya daxil olanda öyrənib ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənib. Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalası yaxınlığındakı meşədə düşərgə saldığını öyrənib.
Qızılbaşların Şamaxını tutması xəbərini alan Fərrux Yasar, Gülüstan qalasına çəkilməyi qərara alıb. Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrənib. Şirvanşah qalaya yetişə bilməyib, İsmayıl Cabanı adlanan yerdə Şirvanşahı sıxışdırıb. 1500-cü ilin payızında burada şirvanlılar və Şirvanşahlar üçün qanlı döyüş baş verib.
İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib edib. Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğurt qalasına qaçmağa başlayıb. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatıblar.
Fərrux Yasar, Hüseyn bəy Lələnin "cilovdarı" adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salınıb. O, Şirvanşahın başını kəsərək İsmayıla gətirib. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb, onu dəfn ediblər. Münəccimbaşı Fərrux Yasarın ölümünü "Bəziləri deyir ki, o, əsir alınmış və sonra əlləri bağlı öldürülmüşdür." bu cür təsvir edib. İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir götürdüyü bütün şirvanlıları qətlə yetirib. Şirvanın çiçəklənən şəhər və qalaları İsmayıl tərəfindən işğal olunub.
1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi.
Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar.
Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.
Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymayıb və ovun başlamasını əmr edib. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı". Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar.
Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Abbasqulu Ağa Bakıxanov "Gülüstani İrəmdə" yazır: "… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi".
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)


