“Maraqlı söhbətlər”də Gümüşhaçıköydəki bir məzar Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Fanatizm insanları haraya qədər aparırmış...

Bu hadisə Türkiyənin Gümüşhaçıköy (Amasya bölgəsi) adlı kəndində baş vermişdir. Hadisəni isə 1940-cı və 1950-ci illərdə orada işləyən bir müəllim danışıb.

 

Kənddə kasıb bir gənc yaşayırmış. Kasıb və qohum-əqrabası olmadığına görə də heç kim qızını ona ərə vermək istəmirdi. Bu səbəbdən də onun ailəsi yox idi və evlənə bilmirdi. Onun yeganə qazanc yeri və sərvəti qoca bir ulaq idi. O, odun yığmaq üçün dağlara gedir, onu ulağa yükləyir, şəhərə aparır və ən zəruri əşyaları almaq üçün satırdı.

Beləliklə, bir gün yenidən odun daşıyarkən, ulaq yükün ağırlığına dözməyərək yıxılır və əzab-əziyyətlə inildəyərək, elə oradaca yükün altında can verərək ölür. Əlacsız və kədər içində olan gənc elə yol kənarında bir çuxur qazır və yeganə dostunu orada basdırıraraq, hündür bir təpə düzəldir. Sonra da məzarın təbii görünməsi üçün oraya taxta lövhələr qoyur. Gənc işini qurtarandan sonra, qəbir başında dua etməyə başlayır. Bu zaman yoldan keçən insanlar soruşurlar:  

-Kim ölüb?

Göz yaşlarını saxlaya bilməyən gənc deyir:

 -O, mənim yeganə dostum, dayağım, işim və çörəyim idi.

Yoldan keçənlər ona səbir diləyib gedirlər.

Sevimli ulağını itirən gənc, bundan sonra kəndə yaşamağın heç bir əhəmiyyəti olmadəğını görərəkİstanbula gedir. Orada çox çalışır, işləyir, varlanır, evlənir və ailə qurur.

Bu hadisədən illər sonra həmin gənc doğma kəndini ziyarət etmək qərarına gəlir. Yolda ulağını basdırdığı yerdən keçərkən, görür ki, həmin yer qırmızı kərpicdən tikilmiş binaya və izdihamla dolu yaşıl bir əraziyə çevrilib.

-Bu nədir?- deyə soruşanda sürücü cavabında deyir:

-Bura Rızık Babanın məqbərəsidir. Yüzlərlə insan iş, yemək, uşaq, şəfa diləmək üçün buraya gəlirlər.

Gənc şoka düşür: axı, bura ulağını basdırdığı həmin yer idi. Bəli, o səhv edə bilməzdi.

İnsanlara o vaxt bu yerdə “yeganə dostu, dayağı, işi və çörəyini basdırdığını demişdi”, onlar da nəsə bir müqəddəs şəxsdən söhbət getdiyini anlayıb burada məqbərə yapıblarmış.

O, həqiqəti insanlara izah etməyə çalışır, amma izdiham ona inanmayır və hətta onu döyrlər də. Bundan sonra o, hakimiyyət orqanlarına müraciət edir. Prokurorun və polisin göstərişi ilə məzar açılır və doğurdan da içəridə ulaq sümükləri tapılır. Məqbərə bağlanır. Lakin, məqbərə bağlansa da, bu gün də insanlar dua etmək və kömək istəmək üçün ora gəlirlər. Buna səbəb isə yayılan şayiələr olur: güya müqəddəs Rızık Baba insanlardan gizlənmək üçün ulaq formasında olub.

Foto şərtidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.