İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Təqvimdə bu günlə adı bağlı olan məşhurlardan biri diqqətimi daha çox cəlb elədi. Adətən yerlilərdən yazan mən bu dəfə əcnəbiyə üz tutmağa məcbur oldum. Çünki yaradıcılığı ilə yaxından tanış idim...
Marsel Prust 10 iyul 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlib. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən olub. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayıb. 11 yaşlı Prust liseyə yazılıb, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalıb.
Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarıb və təhsilinin son ilində mükafat alıb. Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının əsəblərinə toxunub. Atasının karyera sahibi olması istəkləri səbəbiylə Prust işləməyə başlayıb.
Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxıb. Əslində, Prust çox tənbəl və kifayət qədər səbirli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı, anasının vəfatından sonra daxili mühacirətə gedib. Marsel dərin fəlsəfi düşüncəli insan olub.
Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edib. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatıb, gecələr isə romanlarını tamamlayıb.
Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmayıb. Onun əlyazması fransız dilində yazılan "İtirilmiş zamanın axtarışında" adlı 7 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib. 4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbir tələb edib.
Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var. 1900-1905-ci illərdə ailəsi və bütün həyatı dəyişib. 1903-cü ilin fevral ayında Prustun böyük qardaşı Robert evlənib. Həmin ilin noyabr ayında atası ölüb.
1905-ci ilin sentyabr ayında anası da ölüb. Anası ölümündən öncə ona miras qoyub. (6 milyon dollar və aylıq 15.000 dollarlıq sabit gəlir.) Ancaq Prust bu illərdə xəstəliyi səbəbindən ciddi şəkildə zəifləyib. 1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)


