Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1978-ci ildə Sov.İKP MK Baş Katibi L.İ.Brejnevin Azərbaycana səfər tarixi müəyyənləşdikdən sonra, Bakıda onun qarşılanması, görüşləri, iştirak edəcəyi tədbirlərlə bağlı ciddi hazırlıq işləri görülməyə başlayır. Xüsusilə də ali qonağın şərəfinə veriləcək ziyafətin və konsert proqramının üzərində də ciddi iş gedir...
Bu məqsədlə Müslüm Maqomayevə də təklif olunur ki, xüsusi bir mahnı hazırlasın. Çünki, Leonid İliç Brejnevin Müslüm Maqomayevə xüsusi simpatiyası olub, onu həmişə həvəslə dinləyirdi. Hətta bir dəfə Baş Katib “Bella Çao” mahnısından sonra emosiyalarını gizlətməyi bacarmayıb, Müslüm Maqomayevi elə ürəklə alqışlayıb ki, ətrafında olanlar belə ona təəccüblə baxıblar. Baş katibin bu şakərinə görə Müslüm Maqomayevin çıxışı və xüsusilə də, yeni ifası vacib sayılıb. Müslüm Maqomayev bu təklifi tərəddüdlə qəbul etsə də, yeni mahnı üzərində işləməyi zəruri sayıb və bu haqda çox hörmətlə yanaşdığı, özünə doct saydığı bir insana - şair Robert Rojdestvenskiyə zəng vuraraq fikrini bildirib. O isə öz növbəsində təklifi qəbul edərək səhərisi günü təyyarə ilə Bakıya uçub. Bir neçə günlük gərgin yaradıcılıq işlərindən sonra mahnı ərsəyə gəlib.
Gerisi də çox maraqlıdır.
Beləliklə, Brejnevin Azərbaycana səfəri başlanır. Səmimi qarşılanma, yüksək qonaqpərvərlik, protokol qaydalarına uyğun tədbirlər, görüşlər hamısı plan üzrə gedib. Təntənəli konsertdə Müslüm Maqomayev yeni mahnısını ifa edir. Mahnı Brejnevin çox xoşuna gəlir. Konsertdən sonra Brejnevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev xüsusi hazırlanmış qovluğu xatirə hədiyyəsi olaraq Leonid İliçə təqdim edir:
- Hörmətli Leonid İliç, mən bu musiqi əsərini sizə bütün Azərbaycan xalqı, Azərbaycanın incəsənət nümayəndələri və şəxsən öz adımdan təqdim edirəm.
Müslüm Maqomayev bu sözləri o qədər aşağı tonla deyib ki, Brejnev heç nə eşitməyir. Görkəmli ifaçı sonralar bunu özü də etiraf edir: “Mən fikirlərimi çox yavaş ifadə edirdim. Demək olar ki, dodağımın altında mızıldanırdım. Hiss etdim ki, Brejnev heç nə eşitmədi və onu da hiss etdim ki, Brejnevin eşitmə qabiliyyəti çox zəifdir.”
Heç nə anlamayan Brejnev qovluğu götürüb stolun üzərinə qoyur. Elə düşünür ki, Müslüm Maqomayev ondan avtoqraf istəyir. Qələmini çıxarıb qovluğa öz imzasını qoyur. Çaş-baş qalan Müslüm Maqomayev nə edəcəyini bilmir və sakitcə o zaman Azərbaycan KP-nin birinci katibi olan Heydər Əliyevdən soruşur:
- Mən nə etməliyəm?
-Qovluğu götür, belə hadisə hər gün baş vermir, yadigar saxlayarsan-deyə Heydər Əliyev cavab verir.
Beləliklə, saysız-hesabsız insanlara avtoqraf verən Müslüm Maqomayev anlaşılmazlıq nəticəsində bu dəfə özü avtoqraf almağa məcbur olub. Özü də Leonid İliç Brejnevdən.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)


