Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 26 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Yaqut Paşa qızı Məmmədova 04.02.1963-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Bədii qrafika” fakültəsini fərqlənmə ilə bitirmişdir. 1991-1992-ci ildə fizika fənni üzrə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda illik kurs bitirmişdir.
1988-ci ildə Xəzər rayonu 125 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim fəaliyyətinə başlamışdır. Qısa zamanda həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.
1996-2006-cı illərdə Xəzər rayon Təhsil şöbəsində inspektor vəzifəsində fəaliyyət göstərmişdir.
2006-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində dövlət qulluqçusu, Ümumi təhsil sektorunda məsləhətçi vəzifəsində çalışmışdır.
BŞTİ-də çalışdığı müddətdə idarəetmə səriştəsi və bacarığı yüksək olduğuna görə məktəblərdə idarəetmənin tənzimlənməsi məqsədilə 80, 65, 282, 279, 245, 126, 30,152, 150, 214, 136, 218,162, 219, 26 nömrəli tam orta məktəblərdə və 20№-li məktəb-liseydə direktor vəzifəsini icra etmişdir.
Yaqut Məmmədova 2013-cü ildə Azərbaycan Respublikası təhsil nazirinin 15 mart tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin 02 oktyabr tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan müəllimlərinin XV Qurultayında, 2023-cü ildə isə XVI Qurultayına nümayəndə seçilmişdir.
Hazırda Bakı şəhəri İ.Tağıyev adına 26№-li tam orta məktəbdə direktor vəzifəsində çalışır.
ŞAGİRD:
Dilarə Nadirova Bakı şəhəri, İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin X sinfində təhsil alır, dərs əlaçısıdır.
IX sinif buraxılış imtahanında yüksək nəticə göstərərək qırmızı attestata layiq görülüb. İdman və müxtəlif intellektual yarışlarda fəal iştirak edərək uğurlu nəticələr qazanıb. Ötən il Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinə yüksəlib.
ESSE:
“Ana dili: kimlik və gələcək”
Ana dili xalqın ruhunu, tarixini və mənəvi dünyasını yaşadan ən qiymətli xəzinədir. Hər bir xalq öz ana dilini tanıyır, öz dili ilə yaşayır. Buna görə də ana dilimizi qorumaq və onu sevə-sevə yaşatmaq hər birimizin borcudur.
21 Fevral-UNESCO tərəfindən elan edilən Beynəlxalq Ana Dili Günüdür və bu gün ana dilinin qorunması, dillərin yaşadılması və hər xalqın dili ilə öz kimliyini ifadə etməsinin vacibliyini simvolizə edir.
Ulu Öndər Heydər Əliyev demişdir: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”.
Ümummilli Lider Heydər Əliyev xalqın yazı mədəniyyətinə yeni səhifə açaraq latın qrafikalı əlifbaya keçidi təsdiqlədi və 2001-ci ilin avqustun 1-dən bu əlifba ölkədə tam şəkildə tətbiq olundu. Bu qərar Azərbaycan dilinin inkişafına mühüm töhfə vermişdir.
Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla hopan ana dilimizə dahilərimizin də əsərlərində yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb. Şah İsmayıl Xətai, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, M.Şəhriyar öz əsərlərində ana dilini xalqın ruhu, milli kimliyi və mənəvi sərvəti kimi tərənnüm etmişlər. Böyük sərkərdə və görkəmli şair Şah İsmayıl Xətainin XVI əsrdə Azərbaycan dilini dövlət dili və poeziya dilinə çevirməsi uğrunda xidmətləri əvəzsizdir. Xətainin şeirləri ana dilinin gücünü xalqa göstərdi və Azərbaycan türkcəsinin inkişafına böyük yol açdı.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay ana dilinin inkişafına böyük təsir göstərmişdir. Qurultayda türk xalqlarının dili, əlifbası və ədəbiyyatı müzakirə olunmuş, ana dilinin qorunması və inkişafı vacib sayılmışdır. Bu tədbir türk dillərinin birliyini gücləndirmiş, Azərbaycan dilinin elmi və ədəbi dil kimi inkişafına mühüm töhfə vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalanması da bu tarixi hadisəyə verilən böyük dəyərin göstəricisidir.
Bu gün texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə ana dilimizi qorumaq daha da vacibdir. Xarici sözlərin həddən artıq işlədilməsi dilimizin saflığına kölgə sala bilər. Halbuki ana dili yalnız danışıq vasitəsi deyil, həm də milli dəyərlərimizi və mənəvi varlığımızı qorumaq deməkdir.
Gənc nəslin ana dilinə bağlı böyüməsində müəllimlərin və alimlərin böyük rolu var. Dilimizi sevən insanlar gələcəyini sevən insanlardır.
Ana dili keçmişlə gələcək arasında qurulan möhkəm bir körpüdür. Bu körpünü qorumaq hər bir vətəndaşın məsuliyyətidir. Çünki dili yaşayan xalqın özü də daim yaşayır.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


