Qafqazın qədim gücü – Manna dövləti Featured

 

Mannanın yüksəlişi və süqutu – 22 qalanın taleyi

 

İkinci yazı

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

Eramızdan əvvəl 716–680-ci illərdə hakimiyyətdə olan Ulussunu qardaşını devirməkdə ona yardım edən Urartu dövləti ilə ittifaqa girdi. Bu ittifaqın rəmzi olaraq Ulussunu Manna dövlətinə məxsus 22 qalanın açarlarını Urartu dövlətinə bağışladı.

Manna kimi müttəfiqin və Urartuya qarşı mühüm strateji əhəmiyyətə malik qalaların itirilməsi ilə barışmayan Assuriya hökmdarı II Sarqon eramızdan əvvəl 715-ci ildə Mannaya yürüş etdi. Bununla da Manna dövlətinin daixilindəku Urartupərəst qüvvələr aradan götürüldü. Urartu dövlətinə bağışlanmış 22 qala yenidən Mannanın hakimiyyəti altına keçdi.

Manna hökmdarı Ulussunu isə II Sarqondan bağışlanmasını xahiş etdi. II Sarqon Ulussununu bağışladı. Bununla da Ulussunu Assuriya vassallığını qəbul etməli oldu və üzərinə vergi ödəmək öhdəliyi götürdü. Bu dövrlərdə Manna Assuriya imperiyasından asılı vəziyyətdə olan yarımmüstəqil bir dövlətə çevrilmişdi.

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, Manna dövləti eramızdan əvvəl 714-cü ildə Urartuya qarşı aparılan müharibə ilə bağlı Assuriyaya silah-sursat və qida məhsulları versə də, sonrakı dövrlərdə belə məlumatlara rast gəlinmir. Eramızdan əvvəl 713-cü ilə aid mənbədə isə Ulussununun II Sarqonu vergi məbləği ilə deyil, hədiyyələrlə qarşılaması öz əksini tapmışdır. II Sarqon da Mannalı hökmdara öz yaxın müttəfiqi kimi kətan və yundan toxunmuş nəfis geyimlər, xəncər və üzüklər bağışlamaqla onu yüksək dəyərləndirmişdir.

 

 

 

 

Türkdilli kimmer, skif və sak tayfaları ilə ittifaqa girərək Assur İmperiyasına yürüş təşkil etdi

 

II Sarqon Mannadan ayrılan kimi Ulussunu Assuriyanın siyasi üstünlüyünü tanımaqdan imtina etmiş, bununla da kifayətlənməyib Assur torpaqlarına yürüşlərə başlamışdır. Bəzi Assur mənbələrində eramızdan əvvəl VIII əsrin sonu, VII əsrin əvvəllərində Mannanın Assuriyaya boyun əyməməsi ilə bağlı xeyli məlumatlar var. Bu dövrlərdə Manna dövləti Assur torpaqlarına yürüşlər təşkil etmiş, onun bir sıra qalalarını ələ keçirmişdir.  Bu faktlar da sübut edir ki , həmin ərəfələrdə Manna tam müstəqil bir dövlət kimi mövcud olmuşdur.

Eramızdan əvvəl 675–650-ci illər aralığında Mannanın hökmdarı Ahşeri olub. Ahşeri hakimiyyətinin elə ilk illərində assurlara qarşı mübarizəyə başlayıb. O, eramızdan əvvəl 675-ci ildə Manna dövlətinin yaxınlığında məskən salan türkdilli kimmer, skif və sak tayfaları ilə ittifaqa girərək Assur imperiyasının üzərinə yürüş təşkil etmişdir.

 

 

 

Manna hökmdarının Assuriya dövlətinə ödədiyi vergiləri dayandırması Assuriya hökmdarı Aşşurbanipalı qəzəbləndirmişdi

 

Eramızdan əvvəl VII əsrin ortalarında Skif padşahlığı güclənərək bölgədə söz sahibi olmağa başlamışdır. Xüsusən də hökmdar Tuqdammenin hakimiyyəti illərində Skif padşahlığı Qafqaz və Ön Asiyada əksər dövlətləri özündən asılı vəziyyətə salmışdı. Skif padşahlığının bu dövrdə Manna dövlətini də özündən asılı etməsi ilə bağlı mənbələrdə xeyli məlumatlar vardır. Onu da qeyd edək ki, bu dövrdə  türkdilli skiflər Mannanın qonşusu olan Midiya İmperiyasını da 28 il əsarətdə saxlamışlar.

Məlumatlardan o da bəlli olur ki, Manna hökmdarı olan Ahşeri skiflərlə ayaqlaşmaqla bərabər onlarla münasibətləri korlamaq istəmirdi. Lakin assurlar durmadan Manna dövləti ilə skiflərin arasını vurmağa çalışırdı. Manna hökmdarının Assuriya dövlətinə ödədiyi vergiləri dayandırması Assuriya hökmdarı Aşşurbanipalı qəzəbləndirdi. Ahşerinin bu addımı yeni Manna–Assuriya müharibəsinin başlamasına səbəb oldu.

Eramızdan əvvəl 660–659-cu illər aralığında assurlarla mannalılar arasında baş verən növbəti savaşda Ahşeri məğlub oldu. Məğlubiyyətdən sonra ölkədə daxili çəkişmələr başladı. Bu da Ahşerinin sonunu gətirdi. Eramızdan əvvəl 650-ci ildə Ahşeri üsyankar qüvvələr tərəfindən öldürüldü. Hakimiyyətə isə onun oğlu Ualli gətirildi.

 

 

 

Skif padşahlığını tarix səhifəsindən silən Midiya daha sonra Assuriyanı süquta uğratdı

 

 İyirmi il hakimiyyətdə olan Ualli assurlarla ittifaqı bərpa etmək məcburiyyətində qaldı. Hətta Ualli Aşşurbanipalın Babilistana hücumlarında öz ordusu ilə Assuriya İmperiyasına yardım etmək məcburiyyətində qaldı.

Bölgədə isə daha böyük bir təhlükə var idi. Bu da getdikcə güclənən Midiya dövləti idi. Əvvəl Skif padşahlığını tarix səhifəsindən silən Midiya dövləti, daha sonra eramızdan əvvəl 609-cu ildə Assuriya dövlətini də süquta uğratdı.

 

 

Müttəfiqlərini bir-bir itirən Manna dövləti isə eramızdan əvvəl 590-cı ildə Midiyanın aramsız yürüşlərinə məruz qaldı və həmin il o ömrünü başa yetirdi.

Beş yüz ilə yaxın mövcud olan Manna dövləti süquta uğrasa da, Azərbaycan xalqı üçün zəngin dövlətçilik ənənəsini miras qoydu. Sonrakı dövrlərdə Azərbaycanın güneyində yaranan Atropatena, quzeyində qurulan Albaniya dövlətləri məhz Manna dövlətinin varisləri olaraq adlarını Milli dövlətçilik tariximizə həkk etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

{gallery}29168{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.