“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Opera Teatrında Leyli obrazı ilə ən böyük məşhurluq qazanan Həqiqət Rzayeva olub. Gəlin öncə onu daha yaxından tanıyaq.
O, 1907-ci il mayın 20-də Lənkəranın Darquba kəndində anadan olub. Əsil adı Süsən olsa da, sonradan özünə Həqiqət adını götürür. Onun tərəf müqabili Hüseynqulu Sarabski olub. Həqiqət xanım Leyli rolunu ifa edən zaman onun son dəfə səhnədə ayaq üstə ölməsinə razı olmur. Bu barədə onun Üzeyir Hacıbəyovla mübahisələri düşür. O, Üzeyir bəyə təklif edir ki, Leyli xəstələnib yorğan-döşəkdə, asta segah oxuyaraq can verməlidir. Üzeyir bəy əvvəlcə onunla razılaşmasa da, Həqiqət xanımın inandırıcı ifasını görəndən sonra mizanlarda dəyişililk etməyə qərar verir. Bu günə qədər həmin səhnə Həqiqət Rzayevanın təklif etdiyi mizanla təqdim olunur.
Həqiqət Rzayevanın ən yaxın dostlarından biri “Leyli və Məcnun” operasında tərəf müqabili olduğu Hüseynqulu Sarabski olub. Hüseynqulu Sarabski ömrünün son illərini xərçəng xəstəliyindən əziyyət çəkib. Onun yaxşı nəfəs alması üçün boğazından deşik açılıb. Səsi çıxmadığından pıçıltı ilə danışan aktyor bir gün Həqiqət xanımın evinə zəng vurub onu yanına çağırır. Həqiqət Rzayeva həyat yoldaşı ilə onlara gedir. Görür ki, Qurban Pirimov tarını kökləyib əyləşib. Hüseynqulu Həqiqət xanımdan xahiş edir ki, Leyli və Məcnun operasının dördüncü partiyasını oxusun. Həqiqət xanım tarın müşayiəti ilə oxumağa başlayır. Hüseynqulu Sarabski oxuya bilmədiyi yerlər çatanda ağlamağa başlayır və birdən əli ilə boğazındakı deşiyi tutub deyir: “Get, ey Leyli, ey Pərizad”. Bundan sonra dözə bilməyən Həqiqət xanım hönkürərək otaqdan çıxıb qaçır. Elə həmin an da Hüseynqulu Sarabski dünyasını dəyişir.
“Ədəbiyyat və incəsənət”
(02.05.2026)


