“Maraqlı söhbətlər”də Vahabzadədən Vurğun haqda xatirəsi Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Gözəl şairimiz, eyni zamanda böyük ədəbiyyatçı alim, professor Bəxtiyar Vahabzadənin auditoriyada dərs zamanı danışdığı bir epizodu sizlərə söyləyin.

 

Bəxtiyar müəllim danışırdı ki, bir gün K.Marks (indiki Fəvvarələr meydanı) bağının yanından keçirdim, şair Osman Sarıvəlliyə rast gəldim. Mənə dedi ki, gedirəm Səməd Vurğungilə, həvəsin varsa, gedək, o, ağır yataqdadır.

Qoşuldum ona getdim, o ərəfədə onun poeziyasından dissertasiya yazırdım. Yolüstü gördük ki, Vurğunun çapa hazırlanan üçcildliyinin birinci cildini satırlar. Osman müəllim birini aldı və dedi, indi Səmədi sevindirəcəyik. Evə gəldik, Səməd Vurğun yataqda idi. Osman müəllim onunla gənclik yoldaşı olduğundan ərklə dedi: "Ayə, çoxmu yatassan, qalx, millət səndən yeni şeirlər gözləyir. Al, budur ey, üçcildliyin birinci cildi çıxıb".

Vurğun bir qədər dirçəldi və uşaq sevinci ilə kitabı vərəqləməyə başladı. Birinci səhifədən başlayaraq uzun-uzadı "rəhbərə salam, rəhbərin şineli, rəhbər, rəhbər, partiya, komsomol" şeirləri düzülmüşdü. Birdən kitabı büküb evin ortasına atdı və dedi: "Ə, bunu nəyə gətirmisən, mən ölməmiş mənim yaradıcılığım ölüb ki!"

Bir qədər fikirləşdikdən sonra isə dedi: "Vse toki on velikiy çelovek!"

Bəxtiyar müəllim deyirdi ki, o, bəzən hirslənəndə rusca danışırdı.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.