Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 276 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Xoşqədəm Ələddin qızı Məmmədova 13.03.1985-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 26 fevral 2013-cü ildə Binəqədi rayonu 179 nömrəli tam orta məktəbə kimya fənni üzrə laborant təyin edilib. Həmin ildəMüəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə müəllimlərin Diaqnostik qiymətləndirməsində ixtisası üzrə 100 faizlik nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən direktorların və dərs hissə müdirlərinin işə qəbulu ilə bağlı imtahandan müvəffəqiyyətlə keçərək 2 noyabr 2016-cı il tarixində Binəqədi rayon 179 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 10 sentyabr 2017-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan İdarəetmə kursu, "Potensial direktorlar" kursunu uğurla bitirərək 10 oktyabr 2018-ci il tarixindən Binəqədi rayonu 205 nömrəli tam orta məktəbətəlim tərbiyə işləri üzrə direktor müavini və direktor əvəzi vəzifəsinə təyin olunub. 6 dekabr 2021- ci il tarixində həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 2023-cü ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" nin qalibidir. İkinci təhsil olaraq hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında təhsil alır.
8.09.2025-ci il tarixindən Bakı şəhəri 276 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin olunub. 3 övladı var.
ŞAGİRD:
Mehdizadə Fəridə Natiq qızı 2010-cu ildə Bakı şəhərində anadan olub.
2017-ci ildə Bakı şəhəri Binəqədi rayonu 276 saylı Orta məktəb-liseydə 1-ci sinfə daxil olub. 5-ci sinfə qədər eyni məktəbdə oxumuş, 6-cı sinifdə Nərimanov rayonu 177 saylı məktəbdə 1 il təhsil almış, sonra yenidən 276 saylı məktəbə qayıtmışdır. Hal-hazırda məktəbin 9A sinif şagirdidir.
Bu illər boyunca təlim və tərbiyəsində fəal, dərslərinə məsuliyyətli yanaşan və zəhmətkeş şagird kimi fərqlənmişdir.
Azərbaycan dili, Ədəbiyyat, İngilis dili, Rus dili fənnlərinə xüsusi marağı var.
Cambridge sistemi üzrə B2 səviyyə ingilis dili sertifikatı vardır.
2025-ci ildə Şuşa şəhərində yaşayan ibtidai sinif şagirdləri üçün Bakıda keçirilən təlim programında könüllü olaraq iştirak etmiş və Amerika Universitetinin sertifikatı və xasiyyətnamə məktubu ilə müsbət rəylə təltif edilmişdir. 2026-cı ilin Aprel ayında Bakı Təhsil və İnformasiya Mərkəzinin (BEİC) dəvəti ilə Beynəlxalq (Amerika, Kanada, İsveçrə və s. məktəblərinin təmsil olunduğu) Xaricdə təhsil sərgisinə tərcüməçi kimi dəvət almışdır və müvəffəqiyyətlə tapşırığının öhdəsindən gəlmişdir.
ESSE:
Güc daha vacibdir, yoxsa ədalət?
İndiki dövrümüzdə, bizi əhatə edən hadisələri nəzərə alaraq bu suala dəqiq cavab tapmaq çətindir.
Yaşadığımız, sülh və əmin-amanlığı qorumalı olduğumuz dünyada baş verən münaqişələr, müharibələr, siyasi gərginliklər göstərir ki, bir çox hallarda güc ön plana çıxır. Dövlətlər öz marağını qorumaq və kənar tələblərə uymaq üçün sahib olduqları gücdən istifadə edərək ədalət və insan hüquqlarının arxa planda qalmasına səbəb olur. Məsələn, müxtəlif ölkələr arasında hazırda baş verən qarşıdurmalarda güclü tərəf üstündür deyə, günahsız insanlar zərər görərək, ədalətsizliyə məruz qalır. Gücün olduğu yerdə ədalətin olması çox vacibdir və biz bunun balansını saxlamağı bilməliyik. Həm fərdi, həm də ictimai səviyyədə bu balansın qorunması böyük əhəmiyyət daşıyır.
İnsanlar yalnız gücə arxalanmamalı, eyni zamanda vicdan, hüquq və ədalət prinsiplərinə sadiq qalmalıdırlar. Əks halda, güc nə qədər böyük olsa da, stabilliyi təmin edə bilməz. Hər bir cəmiyyət gücdən düzgün istifadə etməyi və ədaləti qorumağı əsas məqsədlərindən biri kimi qəbul etməlidir. Çünki yalnız ədalət bu qaranlıq dünyanın işığı ola bilər.
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


