Kitabçılar Birliyinin şeir müsabiqəsi –qalib Kərim Kələyev Featured

Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.

 

8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalibi seçildi, üç nəfər  fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.

“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan etdi..

Beləliklə, tanış olun:

Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində 1-ci yerə layiq görülən Kərim Kələyev.

 

 

KƏRİM KƏLƏYEV,

“TƏNHALIĞIN SƏSİ”

 

Masamıza hər gün iki qab qoyuram,
"Mənə yemək az çəkərsən" deyən olmur.
Amma sənsiz boğazımdan keçmir deyə,
İkisi də dolu qalır, yeyən olmur.

Şam yeməyi səssiz keçir, sıxılıram,
Necə edim yan otağa keçə bilim?
Mən şərabı tənhalığı qəbullanan,
Adam kimi süzüm gərək, içə bilim.

İkimizin isitdiyi bu ünvanda,
Daşürəkli, soyuq adam qalır indi.
Maqnitofon xarab olub, səs eşitdim,
Və Şopenin payız valsı çalır indi.

Mən elə bil musiqini yaşayıram,
Xəyalınla dəli kimi rəqs edirəm.
Sanki mənim yanımdasan, əlinə də,
Toxunuram, səsini də eşidirəm.

Gecə-gündüz yuxularım sən olmusan,
Darağımda saçlarının yeri qalıb.
Ətrin çöküb yatağıma, qarderobda,
Geyindiyin paltoların biri qalıb.

Çox unutmaq istəyirəm, xatırlamaq,
Ağır gəlir, xatirələr xoş olsa da.
İllərdir ki, mən yatağın sağ küncündə,
Qısılıram, sol tərəfim boş olsa da.

Gözlərimi bir ümidlə yumuram ki,
Bu gün keçdi, ertəsi gün qayıdacaq.
Nə bilərdim, bir gün məni sən özün yox,
Sən aldığın zəngli saat oyadacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

 



 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.