İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gülləri və heyvanları, xüsusilə, pişikləri çox sevirmiş. Harda sahibsiz pişik görsə, ürəyi yanar, götürüb evə gətirərmiş. Onlara qulluq edər, onlar üçün yorğan-döşək də tikərmiş. İnanmazsınız, bir dəfə hətta öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi də gedibmiş. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alıbmış...
Bax belə bir insan imiş o.
Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınan tacir və eyni zamanda aktyor olub. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulan Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayıb, özünə repertuar qurub, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayıb.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", Tərcümə edənləri Ə. Süleymanov və Abdulla Qüdrət) rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır:
- Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev)
- Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov)
- Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov)
- Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov)
- Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov)
- Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev)
- Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov)
- Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov)
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durub. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış edən Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.
Aktrisa rolları elə-belə ifa etməzdi, mütləq öz əlavələrini edər, rolu həqiqətən yaşayardı. Məşhur “Qaynana” filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənibmiş. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb.
Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası olub. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.
Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı.
Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı. Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmayıb.
Filmoqrafiya
- 100 (film, 1985)
- 1001-ci qastrol (film, 1974)
- 777 №-li iş (film, 1992)
- Adı sənin, dadı mənim (film, 1980)
- Aktrisanın təbəssümü (film, 1974)
- Bağlı qapı (film, 1981)
- Bəyin oğurlanması (film, 1985)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bizim Nəsibə xanım... (film, 1991)
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. "Şərəf nişanı" ordeni
5. "Qırmızı əmək bayrağı" ordeni
6. "Oktyabr inqilabı" ordeni
7. "Xalqlar Dostluğu" ordeni
8. "Şöhrət" ordeni
9. "Əmək veteranı" medalı
10. "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
11. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
12. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
13. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
14. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
15. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
16. "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı
17. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
18. Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr Xadimi" qızıl medalı
Aktrisanın şəxsi həyatı ilə bağlı diqqətçəkən məqamlar az olmayıb. Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi. Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: “Elnarə, Allah sənə cansağlığı versin. Sən ki mənə və Cahangirə dözmüsən, kişi adamsan”.
O, öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: “Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam”.
Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu məktəbli ikən ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gedərək onu yarimçıq çıxarıb evə aparıb.
Nəsibə xanım tam 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyib. Musiqili Komediya Teatrından ayrılıb. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmayıb. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olub.
Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım". Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənib.
Aktrisa sonuncu dəfə oğlu Cahangir Novruzovla "Əmanət" tamaşası üzərində işləyib. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalıb.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
17 mart 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ədəbi-bədii axşam keçirilib. Yubiley gecəsində "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


