“Maraqlı söhbətlər”də Everest fırıldaqçılığı Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Oxuduğum son maraqlı xəbəri rubrikanda bölüşürəm: Nepal polisi Everestdə geniş miqyaslı fırıldaqçılıq sxemini aşkar edibdir. Everest də haradır? Dünyanın ən hündür dağ zirvəsi.

 

Məlum olub ki, bələdçilər alpinistlərə lazımsız və ya  saxta xilasetmə əməliyyatları təşkil etməklə, bu yolla milyonlarla qazanc əldə edərək, beynəlxalq  sığorta şirkətlərini aldadıblar.

Müstəntiqlərin sözlərinə görə, fırıldaqçılar alpinistləri təxliyəyə razılıq verməyə məcbur etmək üçün bir neçə üsuldan istifadə ediblər.  Belə üsullardan biri də alpinistləri qəsdən xəstələndirmək idi. Onların alpinistlərin yeməyinə əlavə etdikləri maddələr və məhsullar mədə pozğunluğu, ürəkbulanma, qusma və başgicəllənmə də daxil olmaqla "dağ xəstəliyi"nə bənzər simptomlara səbəb olurdu. Daha sonra "qurbanlara" dərhal aşağı enib, xilasetmə helikopteri çağırmaq tövsiyə edilirdi. Bundan sonra alpinistlər xəstəxanalara hava yolu ilə aparılırdı. Belə təxliyələrin dəyəri isə on minlərlə dollara çatırdı.

Saxtakarlıq tək bununla bitməyib. Sxemin təşkilatçıları təxliyə ehtiyacını təsdiqləmək üçün tibbi sənədləri və uçuş hesabatlarını saxtalaşdırıb, xərcləri isə xeyli şişirdiblər. Helikopter eyni anda bir neçə “xıstə”ni götürsə də, sığortaçılara isə  hər biri üçün ayrıca hesab göndərilib.

Müstəntiqlərin sözlərinə görə, bu sxemdə xəstəxanalar da iştirak edib. İddialara görə, oradakı tibbi hesabatlar xəstələrlə heç bir əlaqəsi olmayan, bəzən isə hətta həkimlərin xəbəri olmadan həkimlərin rəqəmsal imzaları ilə hazırlanıb.

Polisin məlumatına görə, 2022-2025-ci illər arasında 4782 xarici alpinist bu fırıldaqçılığın qurbanı olub və fırıldaqçılar saxta xilasetmə əməliyyatlarından  təxminən 20 milyon dollar qazanıblar.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.