Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Mir Cəlal adına V hekayə müsabiqəsinin gedişatı və 16 finalçı hekayənin müəyyənləşdiyi barədə məlumat yaydı.
Məlumatda bildirilir ki, budəfəki müsabiqəyə 211 müəllif 258 hekayə göndərərək qatılmışdır. Münsiflər tərəfindən müəllifləri anonim saxlanılmaqla hekayələrə 1354 dəfə qiymət qoyulmuşdur.
Finala çıxan 16 hekayə aşağıdakılardır:
“Müjdə”,
“Əyri kölgə”,
“Körpənin intiharı”,
“Küçədəki monotamaşa”,
“Kriminal ezamiyyət”,
“Bilalın qayıdışı”,
“Əbabil quşu”,
“Uroboros”,
“Kəkələmə”,
“Xalqlar türməsi”,
“Dəhlizdə unudulan uşaq”,
“Zalım padşahın yeganə sadiq qulu”,
“Elcanın qardaşı”,
“Bir uşağın taleyi”,
“Əhd”,
“10410-cu gün”.
Qaliblər aprelin sonu “Ədibin Evi”ndə keçiriləcək mərasimdə mükafatlandırılacaqlar.
Bu arada təəssüf hissi ilə qeyd edək ki, “Ədibin Evi”nin 16 finalçının bəlli olması ilə bağlı yaydığı informasiyanı düz qavramadan, müsabiqə hələ davam etdiyi bir zamanda, hələ adlar və qaliblər müəyyənləşməmiş ölkə mediasında qərəzli yazılar, eləcə də uğursuzluğa uğrayan iştirakçıların sosial media üzərində ittihamları yer aldı. Əvvəlki illərdə də müsabiqəni izləyən birisi kimi deyə bilərəm ki, ölkənin ədəbi kuluarlarında müsabiqə barədə rəylər daim çox yüksək olubdur və bu müsabiqə ədəbiyyatımıza bir sıra yeni istedadlı qələm sahiblərini bəxş edibdir.
İlk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox hekayə təqdim olunub. Müsabiqə klassik hekayə ənənələrini yaşadaraq, ədəbiyyatımıza yeni nəfəs və keyfiyyətli hekayələr qazandırmağı uğurla hədəfləyib. Müsabiqəni keçirən Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu həqiqətən də ortaya çox keyfiyyətli bir iş qoymaqdadır. Bu 8 il ərzində hələ bir dənə də olsun qeyri-şəffaflıq, ədalətsizlik barədə ortaya bir fakt çıxmayıbdır. Odur ki, mediaya faktlarla düzgün işləməyi, uduzanlara isə uduzma mədəniyyətini xatırlatmağı özümüzə borc bilərək bir daha müsabiqə şərtlərini xatırladırıq:
2026-cı il fevralın 1-dək əsər qəbulu davam edən müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıq idi. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalmışdı. Belə ki, təqdim edilən işlər:
-Azərbaycan dilində yazılmalı,
-həcmi 1500 sözdən çox olmamalı,
-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,
-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə elektron şəkildə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməli idi.
-hekayə mövzusu sərbəst idi.
Carı il aprelin sonunda yekun vurulacaq müsabiqənin mükafat fondu belədir:
I yer üçün 3000 manat,
II yer üçün 2000 manat,
III yer üçün 1000 manat.
Hazırda qiymətli mədəniyyət artefaktları, o cümlədən dəyərli ədəbi nümunələr gözdən düşməkdə, tiktokerlər, yotuberlər, bloggerlər, statusmanlar meydan sulayaraq kütləvi zövqsüzlüyə və bayağılaşmağa meydan açmaqdadırlar. Belə bir zamanda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi qurumlar keçirdikləri Mir Cəlal adına V hekayə müsabiqəsi kimi müsabiqələrlə, bir növ, qaraguruha meydan oxumağa çalışırlar. Amma bu sayaq fəaliyyətə dəstək olmalı olan media və yazarlar da əks cəbhəyə qoşulanda, necə deyərlər, adamı ağlamaq tutur.
Gəlin dedi-qodudan kənarlaşaq və müsabiqənin qaliblərinin elan edilməsi mərasimini gözləyək. Gəlin qalib gələn, eləcə də finalçı olan hekayələrlə tanış olaq. Əmin olaq ki, həqiqətən ən yaxşılar seçilibdir. Gəlin ədəbiyyat zövqü yaşayaq!
Dedi-qodular isə, onsuz da keçmişdə qalasıdır və unudulasıdır.
“Ədəbiyyat və incəsənət”
(31.03.2026)


