“Maraqlı söhbətlər”də Talmud, Sokrat və bacadakı iki nəfər Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu gün “Maraqlı söhbətlər” rubrikamda bir yəhudi əhvalatını danışacağam. Çox ibrətamiz əhvalatdır, biləsiniz.

 

1920-ci illərin ortalarında bir gənc yəhudi Nyu-Yorkda məşhur bir ravvinin yanına gəlib dedi ki, Talmudu öyrənmək istəyir.

– Sən arameycə bilirsən? – ravvin soruşdu.

– Xeyr.

– Bəs ivritcə?

– Xeyr.

– Bəs uşaq vaxtı Tövratı oxumusan?

– Xeyr, rabbi. Lakin siz narahat olmayın. Mən Berkli Universitetində fəlsəfəni bitirmişəm və indicə Sokrat məntiqi üzrə elmi işimi müdafiə etmişəm. İndi isə idrakımdakı boşluqları doldurmaq üçün Talmudu öyrənmək istəyirəm.

Ravvin dedi:

– Sən Talmudu öyrənməyə hazır deyilsən. Bu, insanlar tərəfindən yazılmış ən dərin məzmunlu kitablardan biridir. Amma sən təkid edirsən deyə, sənin üçün məntiq üzrə bir test keçirəcəyəm. Əgər öhdəsindən gəlsən, səninlə məşğul olaram.

Gənc razılaşdı və ravvin davam etdi:

– İki nəfər bacadan çıxır. Birinin üzü təmiz, digərinin üzü çirklidir. Bunlardan hansı üzünü yumağa gedəcək?

Gənc filosof təəccübləndi:

– Bu, məntiq testidir?!

 

Ravvin başını tərpətdi.

– Əlbəttə.

– Üzü çirkli olan! – gənc cavab verdi.

– Doğru deyil. Məntiqi düşün: üzü çirkli olan təmiz üzlü adama baxıb öz üzünün də təmiz olduğunu düşünəcək. Təmiz üzlü olan isə çirkli üzlü adama baxıb elə biləcək ki, onun üzü çirklidir və yuyunmağa gedəcək.

– Maraqlıdır, – gənc dedi. – Daha bir test verin!

– Yaxşı. Yenə iki nəfər bacadan çıxır. Birinin üzü təmiz, digərinin üzü çirklidir. Hansı üzünü yumağa gedəcək? – Ravvin davam etdi.

– Bu dəfə dəqiqdir: üzü təmiz olan!

– Yenə səhvdir. Hər ikisi üzünü yumağa gedəcək. Məntiqi düşün: təmiz üzlü adam çirkli üzlü adama baxıb elə biləcək ki, onun üzü çirklidir və gedəcək yuyunmağa. Çirkli üzlü isə onun yuyunmağa getdiyini görüb anlayacaq ki, öz üzü çirklidir və o da gedəcək.

– Möhtəşəmdir, – gənc dedi. – Mən səhv etdim. Zəhmət olmasa, bir test də verin.

– Yaxşı. Yenə iki nəfər bacadan çıxır. Birinin üzü təmiz, digərinin üzü çirklidir. Hansı üzünü yumağa gedəcək?

– Hər ikisi!

– Yenə səhvdir. Heç biri yuyunmağa getməyəcək. Məntiqi düşün: çirkli üzlü adam təmiz üzlü adama baxıb yuyunmağa getməyəcək. Təmiz üzlü isə onun getmədiyini görüb anlayacaq ki, öz üzü təmizdir.

Gənc kədərləndi:

– İnanın, mən Talmudu öyrənə bilərəm. Xahiş edirəm, bir sual da verin.

– Yaxşı. İki nəfər bacadan çıxır...

– Aman Tanrım! Heç biri yuyunmağa getməyəcək!

– Yenə səhvdir, – ravvin dedi. – İndi başa düşdün ki, Sokrat məntiqini bilmək Talmudu öyrənmək üçün kifayət etmir? De görüm, necə ola bilər ki, iki nəfər eyni bacadan çıxsın və onlardan birinin üzü təmiz, digərinin üzü çirkli olsun? Məgər anlamırsan? Bu sualın özü mənasızdır. Əgər insan bütün ömrünü mənasız suallara cavab axtarmağa sərf edərsə, onda onun bütün cavabları da mənasız olar.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.