“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb Featured

Nigar Həsənzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan "Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “İstisu” Mineral Su Zavodunun tərəfdaşlığı ilə 12-17 mart 2026-cı il Quba şəhərində keçirilib.

 

6 gün davam edən proqram çərçivəsində 150 gənc şəhərsalma, memarlıq, innovasiya və yaradıcılıq sahələrində həm nəzəri biliklər əldə edib, həm də praktiki fəaliyyətlər vasitəsilə bu bilikləri tətbiq etmək imkanı qazanıblar.

Düşərgə proqramı intensiv və çoxşaxəli məzmunu ilə seçilib. Təlimlərdə “Şəhərsalma və Memarlıq”, “Müasir şəhər mühitində milli dəyərlərin qorunması”, “Memarlıq layihələrinin hazırlanması və modelləşdirilməsi”, “Memarlıq fəlsəfəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar sahə üzrə peşəkar mütəxəssislərin təcrübələrindən faydalanıb. Bununla yanaşı, şəhərsalma sahəsində startap və innovasiya ideyaları üzrə sessiyalar gənclərin analitik və strateji düşünmə bacarıqlarının inkişafına töhfə verib.

Proqramın fərqləndirici xüsusiyyətlərindən biri interaktiv və praktiki fəaliyyətlərin üstünlük təşkil etməsi olub. “Mənim Xəyal Şəhərim” kreativ workshop-u çərçivəsində iştirakçılar öz şəhər modellərini hazırlayaraq ideyalarını vizuallaşdıran “Heykəl boyama” masterklassında isə estetik yanaşmalarını nümayiş etdiriblər. “Gəncin Gözü ilə Şəhər” qısa film fəaliyyəti iştirakçılara şəhər mühitində müşahidə etdikləri problemləri və həll yollarını yaradıcı formatda təqdim etmək imkanı yaradıb.

Komanda əsaslı oyunlar və fəaliyyətlər  xüsusilə “Yaradıcılıq körpüsü” və struktur dizaynına əsaslanan yarışlar  iştirakçılar arasında əməkdaşlıq, liderlik və problem həll etmə bacarıqlarını gücləndirib. Bununla yanaşı, panel müzakirələri zamanı gənclərin şəhərsalma siyasətində rolu, onların qərarvermə proseslərində iştirakı və təsir mexanizmləri geniş şəkildə müzakirə olunub. “WUF xəritəsi: Dünyanın parçaları” fəaliyyəti çərçivəsində iştirakçılar müxtəlif ölkələri və mədəniyyətləri simvolik olaraq birləşdirərək qlobal şəhər anlayışını əyani şəkildə ifadə edib. Bu fəaliyyət düşərgənin əsas ideyasını  müxtəlif baxışların vahid şəhər konsepsiyasında birləşməsi ideyasını uğurla əks etdirib.

Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və təcrübələri gələcək fəaliyyətlərində tətbiq etmək, şəhərsalma proseslərində daha fəal rol almaq və davamlı inkişaf prinsiplərinə uyğun təşəbbüslərlə çıxış etmək istiqamətində motivasiya qazandıqlarını ifadə ediblər.

Düşərgə öz məqsədlərinə uğurla nail olaraq gənclərin şəhərlərə baxışında yeni perspektivlər formalaşdırıb və bu sahədə gələcək təşəbbüslər üçün möhkəm zəmin yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.