Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu gün “Maraqlı söhbətlər”də söhbətimizin mövzusu qaçaqçılıqdır. Bildiyimiz kimi, qaçaqların aqibəti pis olur. Onlar sonda hakimiyyət tərəfindən tam zərərsizləşdirilirlər, ya həbs olunur, ya güllələnirlər. Bəs qaçaqlıq etdiyi dövrdə heç vaxt həbs edilməyən Saday bəy barədə nəsə eşitmisinizmi?
Onda gəlin Bəxtiyar Əsədlinin bələdşiliyi ilə qaçaq Sadayın hekayətini xuyaq.
1918-ci il iyun ayının axırlarında Sorsor istiqamətində Türk-Müsavat qüvvələri, Azərbaycan kəndlərini çapıb talayan erməni dığalarını sıxışdıraraq Qarasu nohurunda batırmışdılar. Bu gün də həmin ərazi "ermənibatan" yer kimi tanınır. Bu döyüşlərdə Saday bəy də fədakarlıq göstərmişdi.
Saday bəy keçən əsrin əvvəllərində Kürqırağı ərazilərdə, o cümlədən Kürdəmir, Zərdab, İmişli, Ağcabədi ərazilərində rus - sovet rejiminə qarşı mübarizə edən qaçaqlardan biri idi. Mənbələrin verdiyi məlumatlara görə Saday bəy qorxmaz, cəsur, iradəli, sədaqətli şəxs olmuşdu. Sözü bütöv adamlara həmişə hörmətlə yanaşarmış. Qaçaqlıq etdiyi dövrdə heç vaxt həbs edilməmiş, öz əcəli ilə ölmüşdür.
Ağsaqqallara hörmətlə yanaşan Saday bəy dostluqda sədaqətli olub. Bir dəfə Təhlə muğanlıları necə olursa, Saday bəyin adamlarından birini öldürürlər. Dostu olan, nüfuzlu yüzbaşı Xanalı kişini onun yanına minnətçi göndərirlər. Saday bəy onu yaxşı qarşılayır və nə özü, nə də Xanalı yüzbaşı gəlişinin məqsədini açıqlamırlar. Xanalı kişi yola düşəndə gəlişinin səbəbini Saday bəyə danışır. Saday bəy onun gəlişinin məqsədini əvvəlcədən bilirmiş kimi deyir ki, Xanalı kişi, sən bu qədər yolu nahaq əziyyət çəkib gəlibsən, elə bir nəfərdən sifariş etsəydin mən sənin xatirinə, o qandan keçərdim.
Deyilənlərə görə Saday bəy Bədəl adlı bir şəxsin qızını istəyir. Qız ondan çox kiçik olur. Bədəl qızı vermir və bunların arasında ziddiyyət yaranır. Bədəl Bakı komissarlığına şikayət verir ki, Saday bəy bizi çapıb talayır. Saday bəy o vaxtdan qaçaq düşür, çoxlu qanlar axıdır, Bədəli də öldürür. Qaçaq Sadayın kəndini isə Qazaxıstana sürgün edirlər. Yerli əhali danışırmış ki, düşmən kəsiləndən sonra Bədəl Saday bəyə demişdi ki, sənin yurdunu yulğunluğa çevirəcəyəm. Saday bəy də buna deyib ki, sənin qarnını balıq kimi cıracağam. İkisi də dediyini elədi. Bədəl Saday bəyin yurdunu yulğunluğa çevirdi, Saday bəy isə Bədəli öldürdü.
Sərvaz adlı müəllif “Ədəbiyyat” qəzetində "Vaxtdan ucada dayananlar” məqaləsində yazır ki, Saday bəyin haçansa həbs edildiyi, əsir götürüldüyü faktı gərək ki olmasın. Kürətrafı meşədə ruslarla atışma zamanı Saday bəyin silahdaşları vurulduqdan sonra o, sal üzərində üzüb Kürün Şirvan tərəfindəki qaçaq dəstəsinə qoşulub. Onlara inanmadığından patrondaşlarını alıb özündə saxlayırmış. Öz əcəli ilə öldüyü söylənilir. "Yetimlər dəstəsi" deyilən qaçaqlar yalnız Saday bəy öz əcəli ilə öləndən sonra onun cəsədinə toxuna biliblər. Üzə çıxmaq, bəraət almaq üçün "Saday bəyi biz öldürdük" deyə ruslara təhvil vermişdilər. Ancaq tibbi ekspertiza aydınlaşdırmışdı ki, Saday bəy öz əcəli ilə ölüb.
Yazıçı Anar “Qarabağ şikəstəsi” məqaləsində yazır: “Şahverən kişi gənclik illərindən, komsomol vaxtlarında qaçaqlarla mübarizə aparmasından, Saday bəyin qaçaqlığından danışır. O vaxt kənddən də bəzi adamlar qaçaqlara qoşulmuşdu. Saday bəyin qaçaq dəstəsində səkkiz yüzə qədər atlı vardı, maksim pülemyotu vardı, biçirdi bizi. O vaxt atlarımızı öyrətmişdik, "yat" deyən kimi yerə yatırdılar, yatmasaydılar pülemyot onları da biçib qırardı. Heç bilmirəm Saday bəyi kim vurdu, amma meyidini gətirib üç gün divara dirədilər.”
Bir-neçə il öncə zardab qom az saytında Təzəkənd kolxozuna Türfə adlı qadının sədr seçilməsi və "qadından kolxoz sədri olmaz” düşüncəsində olan Saday bəy haqqında bir yazı getmişdir. Qadının kolxoz sədri olmasını pis nümunə hesab edən Saday bəy Türfəni öldürmək məqsədilə kəndə, sədrin yaşadığı həyətə gəlir. Haradansa Saday bəyin kəndə gəldiyini bilən silahlı milis işçiləri də həyətə daxil olurlar. Milis işçiləri kolxoz sədrinə Saday bəyin kənddə olduğunu, onu axtardıqlarının bildirirlər. Saday bəyin öz həyətində gizlənməsinə şərait yaradan Türfə milislərə, “Saday bəy mənim qorxumdan bu kəndə gələ bilməz” cavabını verir. Silahlılar gedəndən sonra Saday bəy gizləndiyi yerdən çıxır, üzünü qadına tutaraq deyir: ”Sən kişi qeyrətli qadınsan, mən səni öldürməyə gəlmişdim, sən isə mənə həyat bağışladın, sənə bir can borcluyam”. Türfə ona “bir də bizim kəndə yaxın düşmə» cavabını verir. Deyilənlərə görə, Saday bəy bir daha Təzəkəndə üz tutmur.
Saday bəyin qan düşmənləri çox olub. Azərbaycan Milli Elmlər Akademiyasının “Folklor da bir tarixdir” kitabında məlumat verilir ki, Saday bəy Seyid Rəsul adlı bir şəxsi öldürür və onun qohumları da ondan intiqam alırlar. Onlar qaçaqların gediş-gəliş yerlərini bilirdilər və oraya hökümət əsgərlərinin, o cümlədən bir pülemyotçunun pusqu qurmasına köməklik edirlər. Saday bəyin bacısı oğlu Musanı öldürürlər, özü isə yaralı-yaralı mühasirədən çıxıb qaçır. Meyidini Ağcabədi atryadı bir qamışlıqda tapır. Meyidi qoyurlar arabaya, gətirirlər Qaradonnu bazarına. Divara söykəyib camaata nümayiş elətdiriblər. Onun meyidini görənlər deyir, o qədər uzun idi ki, ayaqları dizdən aşağı arabadan çölə çıxmışdı.
Qohumlarının bildirdiyinə görə, atışmada ölən Saday bəy olmayıb, Saday bəy sərhəddi keçərək, Türkiyəyə və ya İrana getmişdir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


