Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
4 il öncə - 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Rüstəm İbrahimbəyov 83 yaşında Moskvada vəfat etdi. 13 martda sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirildi. 16 martda nəşi Bakıya gətirildi, Birinci Fəxri Xiyabanda dəfn olundu.
Beləcə, Azərbaycanın, Rusiyanın, eləcə də postsovet məkanının ən tanınmış kino xadimlərindən olan, qızıl elitada yer tutan, dünyanın ən nüfuzlu kino mükafatlarının nominantı və sahibi olan bir şəxslə bağlı bütöv bir epoxa sona çatdı.
Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısıdır.
O, 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub.
Onun 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Onun qardaşı da Azərbaycanın xalq yazıçısıdır, “Bütün yaxçılıqlara ölüm”, “Kərkədan buynuzu” kimi məşhur əsəsrlər yazmış Maqsud İbrahimbəyovun yaradıcılığı bu ailənin mənəvi dəyərlərinin necə üstün olmasına bariz sübutdur.
Rüstəm İbrahimbəyovun həyatında bir siyasi meyillənmə dönəmi də var. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri olub. O, Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi də olub. Ancaq siyasətdən danışmayaq.
Ondansa Rüstəm İbrahimbəyovun kino nailiyyətlərindən danışaq.
Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan "Urqa – məhəbbət dairəsi" (1991) filminin Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.
Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub, yəqin orta yaşlı və yaşlı nəsil bu filmi yaxşı xatırlayır.
Mükafatları
SSRİ dönəmində
Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı
Lenin komsomolu mükafatı
Azərbaycan SSR Dövlət mükafatı
SSRİ dövlət mükafatı
Azərbaycanda
Azərbaycan Respublikasının Xalq Yazıçısı fəxri adı
"Şöhrət" ordeni
Rusiyada
4 dəfə Rusiya Federasiyasının dövlət mükafatı
Rusiya Federasiyasının əməkdar incəsənət xadimi fəxri adı
Rusiya Federasiyasının III dərəcəli "Vətənə xidmətə görə" ordeni
Moskva Dövlət Dumasının fəxri fərmanı
Və digər
"Qızıl Portağal" mükafatı
Müstəqil Dövlətlər Birliyinin fəxri fərmanı
"Teatr Xadimi" qızıl medalı
Fransanın Ədəbiyyat və İncəsənət ordeni komandoru
Yaşasaydı, dünya kinosunu yeni şedevrlərlə zənginləşdirərdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


