Ana dili: Millətin varlıq sərhədi və bitməyən qüdrəti Featured

Professor Yusif Alıyev, “Ədəbiyyat və incəsənət”

 

Son günlər bəzi dairələrdə akademik və ədəbi məzmunlu dərin fikirləri ifadə edərkən Azərbaycan dilinin leksik kasadlıq yaşadığı barədə iddialar irəli sürülür. Müsahibələr tirajlanır, müxtəlif fikirlər yazılır, şərhlər verilir...

Peşəkar dilçilərin bu məsələyə münasibəti necədir, bilmirəm, amma mən bu fikirlərlə qətiyyən razı deyiləm.

 

​Tarix boyu qüdrəti ilə ucsuz-bucaqsız ərazilərdə böyük imperiyalar, xaqanlıqlar və dövlətlər quran, Altaydan Xəzər sahili boyu Asiya çöllərinə, Qaşqay ovalıqlarına və Avropaya qədər köç edən milyonlarla türk hər yerdə öz dilində danışıb, əhatə etdikləri hər bir nəsnəyə öz dilində ad veriblər. Məskunlaşdıqları yeni ərazilərdə də ana yurdlarında olduğu kimi özlərinə məxsus dünya qurublar. Dil elə bir fenomendir ki, millətin əzəli tarixini özü nəql edir. Eyni zamanda, dil millətin varlığının ən böyük sübutudur; dili güclü olan xalqın mənəvi hökmranlığı bir aksiomdur.

​Buna görə də ana dilini kiçikdən böyüyədək hər kəs qorumalıdır. Dil də bir dövlət sərhədi kimidir; əgər keşiyində durmasan, yad təsirlərin təzyiqinə məruz qalar və təməl sözlərimiz tədricən dildən sıxışdırılıb çıxarılar. Nəticədə, 50 il sonra hansısa tədqiqatçı qədim sözlərimizə dair dissertasiya yazıb sübut etməyə çalışacaq ki, "ay camaat, sən demə, qədimdə bizim belə sözlərimiz varmış və onlar indiki alınma sözlərin qarşılığı imiş". Biz də bunu sosial şəbəkələrdə alqışlayıb, səhəri gün unudacağıq.

​Dil belə qorunmur, belə inkişaf etdirilmir. Dil mübarizə və mücadilə tələb edir. Unutmayaq ki, 1952-ci ilin 21 fevralında Banqladeşdə benqal dilinin dövlət dili statusu alması uğrunda mübarizə aparan dörd tələbə şəhid oldu. Məhz bu fədakarlığın şərəfinə BMT 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdi.

​Biz də öz ana dilimiz uğrunda hər gün çaba göstərməliyik. İlk olaraq bu gün cəmiyyətimiz qədim türk dili sözlərinin araşdırılması ilə məşğul olan dilçi alimlərimizin əməyindən və xidmətlərindən xəbərdar olmalıdır. Bu fəaliyyətlər insanlara sistemli şəkildə təqdim edilməlidir.

Gəlin, keçmişə doğru kiçik bir ekskurs edək...

Səlcuqlu dövlətinin təşəkkülündən sonra türk dili regionda hakim dil statusu qazanmış, kargüzarlıq və diplomatiya dili kimi ən yüksək səviyyəyə qalxmışdır. Təkcə bu tarixi faktı araşdırmaq dilimizin zənginliyini dərk etmək üçün kifayətdir.

​Bəzi qərəzli tarixçilər türklərin Qafqaza yalnız X əsrdə, Oğuz Yabqu elindən qaynayan Səlcuq köçləri ilə gəldiyini iddia edirlər. Bu fikrin yanlışlığını sübut etmək üçün heç tarixçi olmağa da ehtiyac yoxdur.

German xalqlarının köçü ilə Səlcuqların köçünü qarşılaşdırıb müqayisə etmək kifayətdir. Hunların təzyiqi ilə germanlar Avropaya "yayılanda" yerli xalqlarla ciddi dil münaqişələri yaşayırdılar. Lakin Səlcuqlar Qafqaza və Cənubi Azərbaycana gələndə heç bir dil problemi ilə qarşılaşmadılar. Bu o deməkdir ki, həm yerli əhali, həm də gələnlər eyni kökdən – TÜRK idilər. Hətta onlar arasında qədim Romadakı patrisilər və plebeylər arasında yaşanan məişət çəkişmələrinin bənzəri belə yaşanmadı.

Ekskursumuzu burada dayandırıb, mətləbə keçid edirəm.

​Demək ki, min illər boyu bu torpaqlarda yaşamış yerli türklərin leksikonuna əsaslanan lüğətlər hazırlansa, dilimiz lüzumsuz (mümkün qədər) alınma sözlərin yükündən asanlıqla qurtular. Məsələn, uşaqlara "təkamül" (evolyusiya) və ya "inqilab" (revolyusiya) sözlərini izah etməyə çalışarkən, elə ən başdan "sıçrayış" və ya "yüksəliş" demək daha anlaşıqlı olmazmı?

​"Azərbaycan dilində fikri izah etməyə söz çatmır", - demək, dilimizə vurulan böyük bir ləkədir.

Bu məqamda Azərbaycan dilinin zəngin dil olduğunu sübut edəcək bir müqayisəli paralellik aparaq.

Məlumdur ki, dünyadakı bütün dillər sintetik (iltisaqi) və flektiv (bükülən) dillər qrupuna bölünür.

​Bəzən dildən anlayışı olmayan insanlar deyir ki, ərəb dili Azərbaycan dilindən zəngin dildir.

Amma yanılırlar.

​Çünki ərəb dili kimi flektiv dillərdə "leksik konkretlik" yüksəkdir. Yəni hər bir spesifik vəziyyət üçün kökdən törəyən (termin kimi) yeni bir söz mövcuddur. Məsələn, ərəblərin dəvənin hər halına uyğun olaraq ayrı ad verməsi (Əl-Haim - çox susamış dəvə, Əl-Qaribə- gecə su içən dəvə) dilin lüğət (say) etibarilə zənginliyini göstərsə də, bu, həmin dilin mühitlə olan tarixi-psixoloji bağlılığından irəli gəlir. Lakin bu, dilin digər dillərdən "üstün" olması demək deyil, sadəcə idrakın sözlərdə dondurulmasıdır.

​Azərbaycan dili isə iltisaqi (bitişən) dildir. Bizim dilimizdə bir kök və onun ətrafında birləşən şəkilçilər, həmçinin sözlərin sintaktik əlaqəsi sonsuz sayda məna çaları yaradır. Yəni ərəb dilində yeni bir hal üçün tamamilə yeni bir söz yadda saxlamalısan ki, bu da yaddaş yükü deməkdir. Amma Azərbaycan dilində dilin daxili qaydaları, yəni qrammatikası vasitəsilə mövcud sözlərdən istifadə edərək yeni vəziyyəti təsvir edirsən ki, bu da məntiq və kombinasiya yükü deməkdir.

​Məsələn, "Dəvə gecə su içir" ifadəsində biz zamanı, subyekti və hərəkəti dəqiq ayırırıq. Bu, dili daha universal və çevik edir. Müasir elmi təfəkkür də hadisələri konkret bir adla dondurmaqdan ziyada, onların mahiyyətini təsvir etməyə meyillidir. Bir sözlə Azərbaycan dili çox məhsuldar dildir. Biz 1000 dənə ayrı söz yadda saxlamaq əvəzinə, 10 sözü dilin qaydaları ilə birləşdirərək 10.000 fərqli məna yarada bilirik. Bu, zəiflik deyil, dilin nə dərəcədə geniş imkanlara malik olduğunu sübut edir.

Bəli, ərəb dilində 12 milyon, Azərbaycan dilində 130 min söz var deyib dilimizi zəif bilənlər bu elmi faktı yaddaşlarında saxlasalar daha xeyirli olar.

Beləliklə, sübut etdik ki, Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. İttiham etmək yerinə, əziyyətə qatlaşıb hər bir alınma sözün öz dilimizdəki qarşılığını (mümkün qədər) tapıb işlətməliyik. Dilin qorunması təkcə dövlət səviyyəsində və ya rəsmi kargüzarlıqda deyil; məktəbdə, evdə, küçədə, bazarda, sosial şəbəkədə, toyda və yasda belə həyata keçirilməlidir.

​Danışdığımız dil bu günə qədər bizi və soyumuzu qoruyub yaşadıbsa, indi də biz ana dilinin sağlam inkişafı üçün böyük çabalar göstərməliyik.

Ən azından bunu etsək, dilimizin necə böyük bir xəzinə olduğunu yenidən kəşf edərik.

21 Fevral - Beynəlxalq Ana Dili Gününüz mübarək!

Bizim ana dilimiz varlığımız, kimliyimiz və ən keçilməz sərhədimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.