Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir qrup yapon Şimonoseki şəhərində türk pilot Orhan Suyolçu adına parkda pilotun şərəfinə qoyulmuş xatirə daşını ziyarət edirlər.
İran-İraq müharibəsinin gedişi zamanı, 1985-ci ilin martında Səddam Hüseyn elan etdi ki, 48 saat keçəndən sonra İran səmasında istənilən təyyarəyə - mülki təyyarələr də daxil - atəş açılacaq.
Yaponiya öz vətəndaşlarını İrandan çıxara bilməyəndə köməyə Türkiyə gəldi. Orhan Suyolçu yaponları Tehrandan çıxarmaq üçün göndərilən THY mənsub “DC-10” təyyarəsinin pilotu idi. Yaponları Tehrandan götürüb geri qayıdan təyyarə Türkiyə hava məkanına girəndə kapitanın “Türkiyəyə xoş gəldiniz” sözləri sərnişinlərdən sevinc çığırtılarından hönkürtüyə qədər müxtəlif emosiya doğurdu.
Orhan Suyolçu 2013-cü ildə vəfat edəndə onun adı İstanbulla qardaşlaşmış Şimonoseki şəhərindəki parka verildi, şərəfinə xatirə daşı qoyuldu.
Aşağıdakı mətn Orhan Suyolçu vəfat edəndə həmin vaxt İstanbulda olan bir yaponun yazdıqlarıdır.
“1985-ci ildə İran–İraq müharibəsi zamanı, Türk Hava Yolları təyyarəsinin Tehranda yaşayan 215 yapon vətəndaşını xilas etdiyini bilən yaponların sayı düşündüyümüzdən azdır. Həmin təyyarənin kapitanı bazar günü gecə vəfat etdi. Bu gün günorta İstanbul şəhərindəki məscidlərin birində onun dəfn mərasimi keçirildi.
Dəfn mərasimində Yaponiyanın baş konsulu başda olmaqla, yapon icmasının nümayəndələri və İstanbulda yaşayan könüllülər iştirak etdilər. Mən də onların arasında idim. Kapitanın həyat yoldaşı ilə danışmaq imkanım oldu və bir yapon vətəndaşı olaraq, iki təyyarədən birini yaponların xilas edilməsi üçün göndərdiyinə görə Türkiyəyə, eləcə də təhlükəni gözə alaraq könüllü şəkildə Tehrana xilasedici uçuş həyata keçirən kapitan Orhan Suyolçuya dərin təşəkkürümü bildirdim.
Həmin dövrdə Yaponiya Özünümüdafiə Qüvvələrinin xaricə göndərilməsi mümkün olmadığı üçün, Japan Airlines təhlükəsizliyə zəmanət verilməyən əraziyə təyyarə göndərə bilməyəcəyini bildirərək yaponların xilasını həyata keçirə bilmədi. Təhlükə altında qalan və Yaponiyadan yardım təyyarəsinin gəlməyəcəyini təsdiqləyən İrandakı səfir Nomura vəziyyəti Türkiyənin səfiri Bilrelə izah edərək kömək istədi. Cavab isə belə oldu: “Ertuğrul gəmisinin faciəsini unutmamışıq” – və xilasetmə təklifini məmnuniyyətlə qəbul etdilər.
Bu “borcun qaytarılması” 1985-ci ildən təxminən 100 il əvvələ – 1890-cı ildə Vakayama prefekturasının Kuşimoto sahillərində baş vermiş “Ertuğrul” hərbi gəmisinin qəzasına aiddir. Həmin faciədə təxminən 500 nəfər həlak olmuşdu. O zaman yaponlar xilasetmə işləri aparmış və sağ qalanların Türkiyəyə qaytarılmasına yardım etmişdilər. Bu gün də həmin hadisə Türkiyə dərsliklərində qeyd olunur və yaponların göstərdiyi yardım yüksək qiymətləndirilir. Türkiyənin niyə güclü şəkildə Yaponiya dostu ölkə olduğunu bu tarixi biləndə anlamaq çətin deyil.
Bəzən düşünürəm: eyni vəziyyətdə yaponlar necə davranardılar? O vaxtdan 28 il keçib. Bu hadisəni bilməyən yaponların sayı artdığı bir zamanda, Türkiyənin Yaponiyaya göstərdiyi bu humanitar yardımı heç vaxt unutmaq olmaz. (Yaponiya öz vətəndaşlarını taleyin ümidinə buraxdığı bir vaxtda Türkiyə Yaponiyaya kömək etdi… 500 türk vətəndaşı təyyarəyə minə bilmədi və quru yolu ilə Türkiyə sərhədinə getməli oldu). Yaponların unutmağa başladığı öz yaxşı xüsusiyyətlərini itirməmək lazımdır.
Hazırda burada – Türkiyədə – hər gün türk xalqının sadə və səmimi insan münasibətləri içində yaşayır, bəzən çətinliklər və qayğılar yaşasam da, onların genişürəkliliyi və isti münasibəti sayəsində həyatımı davam etdirirəm. Bu gün taleyin gətirdiyi bir bağlılıqla kapitan Orhanın dəfn mərasimində iştirak edə bildiyim üçün minnətdaram və ona Allahdan rəhmət diləyirəm.
(Materialı hazırlayarkən Yadigar Sadıqlının yazılarından istifadə edilmişdir)
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


