“Bir direktor, bir şagird”də Aygün Əhmədli və Nailə Baloğlanlı Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 287 nömrəli Zəkalar liseyidir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Əhmədli Aygün Əkbər qızı 04.01.1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ilə orta təhsilini Bakı şəhərindəki 116 nömrəli  məktəbdə qızıl medalla tamamlayıb. Həmin il BDU-nun biologiya fakültəsinə daxil olub 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1986-1992-ci illərdə təyinatla AMEA-da Fizika, sonra Botanika İnstitutunda böyük laborant vəzifəsində çalışmışdır.

1992-1994-cü illərdə Xəzər Hövzə poliklinikasında həkim-laborant, sonra laboratoriya müdiri kimi fəaliyyət göstərmişdir.

1994-cü ildən 287 saylı Zəkalar liseyində biologiya müəlliməsi kimi pedaqoji fəaliyyətə başlayıb. 2004-cü ildən həmin liseyin direktoru vəzifəsində çalışıb.

2000-2001 və 2001-2002-ci illərdə 2 dəfə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəsi” müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin diplomları ilə təltif olunub.

2004-cü ildə Əməkdar müəllim adına layiq görülmüşdür.

2007-ci ildə elmi işimi tamamlayıb Biologiya elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Biologiya fənninin tədrisinin təkmilləşdirilməsi məqsədi ilə yazılmış metodik vəsaitlərin müəllifidir.

Azərbaycan Respublikasının Təhsil islahatları layihəsinin materiallarının hazırlanmasında iştirak etmişdir.

Fəaliyyətilə əlaqəli bir çox yerli və xarici seminar və konfranslarda iştirak etmişdir. İdarəetmə ilə bağlı “Məktəbin idarə olunması”, “Təhsilin təşkili və idarəedilməsi”, “Ümumtəhsildə kurikulum islahatları və onun idarəolunması” və s. təlimləri uğurla bitirmişdir.

Direktoru olduğu müddətdə lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” (2008, 2013) müsabiqəsinin qalibi olub.

2023-cü ildə Heydər Əliyevin 100 illiyi medalına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.

 

ŞAGİRD:

Mən, Baloğlanlı Nailə Rahim qızı 31.12.2009-cu ildə Bakı şəhərində anadan olmuşam. Məktəbəqədər təhsilimi 316 nömrəli bağçada almışam. Orta təhsilimə 2016-cı ildə 287 nömrəli Zəkalar liseyində başlamışam. Məktəbdaxili müxtəlif layihələrdə və tədbirlərə həvəslə iştirak etmişəm.

İbtidai sinifdə oxuyarkən “Xəttat” yarışmasında ardıcıl olaraq iki dəfə xüsusi nişan və sertifikat qazanmışam.

2021-ci ildə BRİTİSH COUNCIL-un təşkil etdiyi “Climate Change Competition – Improved Skills for Stronger Societies” yarışmasında fəallığıma görə xüsusi sertifikatla təltif olunmuşam. İngilis dilimi, oxuma-anlama-dinləmə bacarıqlarımı təkmilləşdirmək üçün əcnəbi filmlərə baxır, musiqi dinləyir və fərqli mövzularda esse yazmağı sevirəm.     

Müxtəlif rəqs yarışlarında uğurla iştirak etmiş və dəfələrlə televiziya kanallarında çıxış etmişəm.

2024-cü ildə YAP partiyasının Xətai Rayon Təşkilatının Beynəlxalq Müəllimlər    Günü münasibətilə təşkil etdiyi esse müsabiqəsində III yerə çıxaraq diplom almışam.

2025-ci ildə 6 saylı “ASAN xidmət”də ən gənc könüllülərdən biri kimi fəaliyyət göstərmiş və master olaraq sertifikata layiq görülmüşəm.

Hal-hazırda liseyin X sinfində təhsilimi davam etdirirəm. İkinci qrup üzrə hazırlaşıram. Beynəlxalq ticarət və logistikaya xüsusi marağım var.

 

ESSE:

“Kapsul həyat”

 Kapsul otel üslubuna görə digər otellərdən fərqlənir. Bu otel dar və tək nəfərlik məkanlardan ibarətdir. İnsan orada yeyir, onlayn işləyir, gecələyir, amma “yaşamır”. Müasir cəmiyyət də bəzən belədir: insanlar cismən yan-yanadır, lakin fikrən ayrı-ayrı aləmdədirlər.

Bu həyat tərzi xüsusilə gənclər arasında daha çox yayılıb. Bir dam altında illərlə bir-birinə əziz olan insanlarla yadlaşırlar. Süfrə arxasında telefonlar danışır, insanlar susur. Söhbət olmadıqca hər kəs öz qınına--kapsuluna çəkilir.

İnternet bu kapsulu daha da möhkəmləndirir. Əvvəllər saatlarla həyətdə oynayan uşaqlar indi eyni məhəllədə yaşasalar da, demək olar ki, bir-birilərini tanımırlar. Telefon ekranı onların yeni pəncərəsi, sosial şəbəkələr isə yeni həyətidir. Bu həyət səsli-küylü görünür, amma, əslində, səssizdir. Çünki burada baxışlar var, amma göz-gözə gəlmək yoxdur. Yazışmalar var, amma səmimi söhbət yoxdur.       Virtual aləmdəki qüsursuz obrazla gerçək “mən” arasında dərin uçurum yaranır. Sosial şəbəkələrdə yüzlərlə “dostu” olan gənc real həyatda tək qalır. Bu uçurum insanı daxilə qapanmağa, susmağa, hətta ümidsizliyə sürükləyə bilir. “Like”lara duyulan ehtiyac həqiqi insana olan tələbata üstün gəlir.

Yalnızlıq dərinləşdikcə fəsadlar ağırlaşır. Daim paylaşılan mənasız, bəzən də qorxulu rilslər psixolosi gərginlik, depressiya, intihara təşəbbüs kimi halların artması səbəb olur. Danışmadıqca içimizdəki qaranlıq böyüyür.

Bəs bu vəziyyətdən necə çıxaq? Necə edək ki, həyatımız kapsul otelə dönməsin? Məncə, insana yenə insanla kömək etmək lazımdır. Yaxşı kitablar, gözəl yığıncaqlar, maraqlı insanlarla söhbətlər kapsulun çatlamasına səbəb olacaq. O çat isə işığın içəri düşməsi üçün kifayətdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.