İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Nəcəf bəy Vəzirov adı kimə tanış deyil ki?
Orta məktəbdən haqqında oxuyub öyrənirik. Milli dramaturgiyamızın banilərindən biri olduğunu da gözəl bilirik.
Bu gün o böyük şəxsiyyəti anaq. Əks halda, yağışdan çıxıb yağmura düşərik...
Nəcəf bəy Vəzirov 1854-cü il 17 fevralda Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərində dünyaya gəlib. O, Azərbaycan ədəbiyyatının ilk realist dramaturqlarından biri, publisist, maarifçi və milli teatrın inkişafında silinməz iz qoymuş böyük sənətkarlardandır. O, Azərbaycan faciə janrının banisi, maarif uğrunda mübarizə aparan ziyalı və söz sənətinə dərindən bələd olan bir qələm ustası olub.
Kiçik yaşlarından savada, elmə və ədəbiyyata meyl göstərən Nəcəf bəy ilk təhsilini dini məktəbdə alıb. Daha sonra Bakıya gələrək burada realnı məktəbdə oxuyub və burada Azərbaycanın ilk qəzetinin banisi Həsən bəy Zərdabi ilə tanış olub. Bu tanışlıq onun dünyagörüşünə, gələcək yaradıcılığına və maarifçi ruhuna dərin təsir göstərib
Təhsilini davam etdirmək məqsədilə Moskvaya gedərək Meşəçilik və Torpaqşünaslıq İnstitutuna daxil olub. 1878-ci ildə ali təhsilini bitirib vətənə dönən Nəcəf bəy, uzun illər Qafqazın müxtəlif bölgələrində meşə rəisi vəzifəsində çalışıb
Ədəbi və Teatr Fəaliyyəti
Nəcəf bəy Vəzirovun ədəbi yaradıcılığı 1870-ci illərdən başlayıb. O, Azərbaycan dramaturgiyasının ilk komediya və faciə nümunələrini yaradan sənətkarlardan biri olub. İlk pyeslərindən olan “Ev tərbiyəsinin bir şəkli” və “Gəmi lövbərsiz olmaz” əsərlərində ailə-məişət mövzularını, cəmiyyətin geriliyə qarşı durmaq bacarığını bədii şəkildə əks etdirib.
Ən məşhur əsərlərindən biri olan “Müsibəti‑Fəxrəddin” dramı 1896-cı ildə qələmə alınıb və Azərbaycan ədəbiyyatında ilk faciə nümunəsi kimi tarixə düşüb. Bu əsərdə Vəzirov cəhalətə, köhnə düşüncəyə qarşı çıxaraq, maarifçilik və insan ləyaqəti ideyalarını təbliğ edib.
Digər mühüm əsərləri sırasında “Pəhləvanani-zəmanə”, “Ağa Kərim xan Ərdəbili”, “Vay şələküm-məəlləküm”, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar” kimi dramatik nümunələr yer alır. Onun pyeslərində xalq dili, milli-mənəvi dəyərlər və realizm əsas yer tutur.
Publisistika və Maarifçilik
Nəcəf bəy yalnız dramaturq kimi deyil, həm də maarifçi publisist kimi tanınıb. O, “Əkinçi”, “Həyat”, “İrşad” və digər dövri mətbuat orqanlarında “Dərviş” imzası ilə çıxış edərək, cəmiyyətin tənqidinə, xalqın oyanmasına xidmət edən yazılar yazıb. Qələmi ilə cəhalətə qarşı mübarizə aparmış, xalqı elmə, təhsilə səsləyib.
Maarif uğrunda mübarizəsi onu ictimai fəaliyyətə də yönəldib. Bakı şəhər Dumasında çalışıb, yeni məktəblərin açılmasına, teatr dərnəklərinin təşkilinə rəhbərlik edib.
Dramaturgiya
Nəcəf bəy Vəzirov dramaturji yaradıcılığa Bakıda olarkən başlayıb. 1873-cü il mart ayının 10-da Bam realnı gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşasında oynayıb. Bundan təsirlənərək elə həmin il ilk birpərdəli "Əti sənin, sümüyü mənim" (1873) və "Qaragünlü" (1874) məzhəkələrini yazıb.
Lakin həmin əsərlər itib. Dramaturq bu məzhəkələrdən birincisinin süjeti və mövzusu barədə vaxtilə "Əkinçi" qəzetində yazıb. Əldə olmayan ikinci məzhəkəsi barədə isə müfəssəl tərcümeyi-halında bəhs edib.
Moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından tanış olan Vəzirov ədəbiyyata daha ciddi meyil göstərib. Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb.
Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivanani-zəmanə" ("Zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb.
"Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir. "Pəhlivanani-zəmanə" isə milli burjuaziyanın həyatından, Bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir olunan birinci dram əsəridir
Yaradıcılığının ikinci dövrünə "Ağa Kərim xan Ərdəbili" məzhəkəsi ilə 1902-ci ildə başlayıb. Bu məzhəkə əslində fransız dramaturqu Jan Batist Molyerin məşhur "Xəsis" komediyasından iqtibas edilib. Lakin Nəcəf bəy əsərə güclü milli ruh verə, koloritli və tipik bədii obrazlar yarada bilib.
Məhz buna görə də həmin komediya dramaturgiyamızda daha çox və əsasən, milli sənət nümunəsi kimi şöhrətlənib. Dramaturqun yaradıcılığının ikinci dövrü kimi səciyyələnən mərhələdə Nəcəf bəy Vəzirov "Vay şələküm-məəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) səhnə əsərlərini yazıb.
Fransız ədəbiyyatından götürülən "Vəkil Patelen" vodevilini "Dələduz" adı ilə, məzhəkə janrında iqtibas və təbdil edib. Həmçinin müxtəlif teatr truppalarında coşğunluqla rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb.
Nəcəf bəy Vəzirovun ədəbi yaradıcılığının üçüncü dövrü də məhsuldar sayıla bilər. Dramaturq ömrünün ağsaqqal çağında və yaradıcılığının müdriklik mərhələsində "Pul düşkünü Hacı Fərəc" (1912), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib.
Dramaturq Nəcəf bəy Vəzirovun "Mehdi xan Tabasarani" pyesi tamamlanmayıb, yarımçıq qalıb. Dramaturqun məzhəkə və məsxərə janrında yazdığı dram əsərləri milli folklordan, xalq oyun-tamaşalarının kompozisiya qurumundan, forma elementlərindən, məzmun xüsusiyyətlərindən şirələnib.
Süjet aydın və sadə, dramaturji dil şirəli və zəngindir. Yaradıcılığının sonrakı illərində də xalq dramlarına, meydan oyunları prinsiplərinə əsaslandığına görə Nəcəf bəy Vəzirovun komediyalarının əksəriyyətinin adı atalar sözü ilə verilib
Əsərləri (Seçmə)
Dramlar və faciələr:
- “Müsibəti-Fəxrəddin”,
- “Pəhləvanani-zəmanə”
- “Vay şələküm-məəlləküm”
- “Nə əkərsən, onu biçərsən”
- “Keçmişdə qaçaqlar”
Komediyalar və məzhəkələr:
- “Ev tərbiyəsinin bir şəkli”
- “Gəmi lövbərsiz olmaz”
- “Yağışdan çıxdıq, yağmura düşdük”
- “Pul düşkünü Hacı Fərəc”
Hekayələr:
- “Ağıçı”, “Paho”, “Mənim vaqiəm"
Nəcəf bəy Vəzirov təkcə bir yazıçı deyil, xalqın öndəri, maarifin keşikçisi, sözün və səhnənin qəhrəmanıdır. Onun əsərləri bu gün də aktualdır – çünki o, millətin düşüncə dünyasını dəyişmək istəyib. O, Azərbaycan səhnəsində faciə janrını yaratmaqla yanaşı, cəmiyyətin ruhuna ayna tutan sənətkardır.
Vəfatı və İrsi
9 iyul 1926-cı ildə Şamaxı səfəri zamanı qəfil ürək tutmasından dünyasını dəyişib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və maarifçiliyinə verdiyi töhfələr sayəsində xalqın yaddaşında silinməz iz qoyub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


