Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir anlıq ətrafda baş verən hadisə insana tanış gəlir, sanki bu anı daha əvvəl yaşamış kimi hiss edir. Küçədə, işdə və ya adi bir söhbət zamanı anidən yaranan bu duyğu “deja vu” adlanır. Demək olar ki, insanların böyük əksəriyyəti həyatında ən azı bir dəfə bu hissi yaşayır.
Araşdırmalara görə, deja vu psixoloji və neyroloji proseslərlə bağlıdır. Alimlər hesab edirlər ki, bu hal beyində məlumatın qısa müddətlik yanlış emalı nəticəsində yaranır. Yəni yaşanan an real vaxtda baş versə də, beyin onu artıq xatirə kimi qəbul edir.
Araşdırmalar göstərir ki, “deja vu” xüsusilə gənclər arasında daha çox müşahidə olunur. Stress, yuxusuzluq, zehni yorğunluq və diqqət dağınıqlığı bu hissin yaranmasına təsir edən əsas amillər sırasında göstərilir. Bəzi mütəxəssislər isə “deja vu”nun əvvəl görülmüş yuxularla və ya oxşar hadisələrlə əlaqəli ola biləcəyini istisna etmirlər.
“Deja vu” əksər hallarda təhlükəli deyil və qısa müddət ərzində keçib gedir. Lakin bu hiss tez-tez və uzunmüddətli şəkildə təkrarlanarsa, nevroloji müayinə tövsiyə olunur. “Deja vu” hələ də elmi baxımdan tam izah edilməsə də, insan beyninin nə qədər mürəkkəb və maraqlı quruluşa malik olduğunu bir daha ortaya qoyur.
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


