Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycanın hazırda həyatda olan Milli Qəhrəmanlarından biri, Raquf Orucov və Polad Həşimovun komandiri, general-mayor Fəxrəddin Cəbrayılov saytlardan birinə açıqlama verib. O, maraqlı bir döyüş əməliyyatı barədə danışıb.
"Raquf atəşkəs dövründə, 1995-ci ildə yanımıza gəldi. Mən onu tağımın kəşfiyyat komandiri təyin etdim. Avqustun 13-də dağlarda güclü duman olan vaxt yeddi nəfər - bir çavuş və altı əsgər - posta qalxarkən yolu azıb Kəlbəcərin kəndlərindən birinə düşüblər. Çavuş əsgərlərin bir neçəsinin itdiyini anlayıb onların ardınca gedib və o da əsir düşüb. Əsgərlər çavuşun geri qayıtmadığını görüb geri dönmək istəsələr də, ermənilərin postuna çıxıblar. Həmin gün biz də onları axtarırdıq.
Ertəsi gün ermənilər xəbər göndərdilər ki, əsgərləriniz bizdədir. Bir həftə danışıqlar apardıq. Altı əsgəri qaytardılar, amma dedilər ki, çavuş Şuşa həbsxanasındadır və onu verməyəcəklər. Mən dərhal müdafiə naziri ilə əlaqə saxladım. Həmin vaxt nazir Səfər Əbiyev idi. İcazə istədim ki, iki kəşfiyyat qrupu göndərək, qarşı tərəfdən əsir götürək və əsirləri dəyişək. Əvvəl razılıq vermədi. Dedim ki, məsələ Ulu öndərə məruzə edilsin. O vaxt atəşkəs artıq elan olunmuşdu və hər hansı insident yeni döyüşlərin başlanmasına səbəb ola bilərdi. Nəticədə icazə verildi.
Kəşfiyyat bölüyünün zabitlərini çağırdım. Onlardan biri Raquf Orucov idi. Sağ və sol istiqamətlərdən hərəsi 11 nəfərdən ibarət iki qrup göndərildi. Sol istiqamətdən gedən qrup iki dəfə cəhd etdi, nəticə olmadı. Amma Raqufun qrupu Qarabağ zonasını keçərək birbaşa Ermənistana, Göyçə gölü ətrafında yerləşən Vardenisə (Basarkeçər-müəl.) qədər irəlilədi. Burada yalnız qəhrəmanlıq və qorxmazlıqdan danışmaq olar.
Rabitə dağlıq əraziyə görə işləmirdi. Bizim kəşfiyyatçılar 10 gün sonra üç nəfər erməni gətirdilər.
Ertəsi gün ermənilər mənə zəng edib dedilər ki, bilirik onlar sizdədir, gəlin əsirləri dəyişək. Əvvəl üç, sonra beş nəfərə razılaşdılar. Mən məsələni müdafiə nazirinə çatdırdım. O dedi ki, əgər 30 nəfər verirlərsə, dəyişək. Dedim ki, buna getməzlər. Bir müddət sonra xəbər göndərdilər ki, təkcə çavuş yox, mart ayında yaralanan başqa bir əsgər də bizdədir. Sənədlərə baxdım, doğrudan da həmin hərbçi mart ayından itkin kimi qeyd olunmuşdu.
Bizim qaydalara görə əsirləri bir gündən artıq saxlamaq olmazdı. Cənab Prezident Heydər Əliyev müdafiə naziri Səfər Əbiyevə tapşırıq verdi və helikopterlə gəlib onları apardılar.
İki gün sonra MTN-in Gəncə şəhər şöbəsinin rəisi Tofiq Babayev mənə qəzetləri göndərdi. Baxdım ki, yaralı çavuş və daha üç hərbçi dəyişdirilib. Yenə də inanmadım, bir zabitimi Bakıya göndərdim. Ertəsi gün çavuşu da götürüb geri qayıtmışdı. Dedilər ki, azad olunmuş digər hərbçilər hospitaldadır.
Əsas olan o idi ki, əsgərlər bildi ki, biz onları tək qoymuruq".
“Ədəbiyyat və incəsənət”
(12.02.2026)


