“Maraqlı söhbətlər”də Mikoyanın Firudin Şuşinskini cəzalandırması Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Mikoyan Moskvada bir qrup erməni ilə birlikdə “Şuşa” əsərinə görə Firudin Şuşinskini necə cəzalandırdı?! Söhbətimiz bu barədədir.

 

“Şuşa” kitabı 1962-ci ildə nəşr edilib, mühüm bir hadisəyə çevrilib, oxucular, tarixçilər tərəfindən təqdir olunub, əsərə yüksək qiymət verilib, necə deyərlər, əl-əl gəzib.  Amma 1968-ci ildə - rus dilinə tərcümə ediləndən sonra bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan daşnak Anastas İvanoviç Mikoyanın əlinə keçib. Əsəri oxuyandan sonra Mikoyan Moskvada vəzifədə oturan bir qrup erməni ilə birlikdə “Şuşa” əsərinə görə respublika rəhbərliyindən Şuşinskinin cəzalandırılmasını tələb edib.

Bu barədə Fürudin bəy özü yazırdı: “Şuşa” kitabına görə başım nələr çəkmədi? O vaxt ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsirdilər. Bir neçə dəfə mənə sui-qəsd cəhdi etdilər... Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular. Ermənistanın “Pioner” qəzetindən tutmuş, “Kommunist” qəzetinə qədər bütün mətbuat əleyhimə böhtanlar və söyüşlər yağdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdi”.

Hətta Livan erməniləri də bu kitaba qarşı etiraza qalxıb, Beyrutda nəşr olunan “Hayastan” qəzetində Şuşinskini təhqir edən yazılar yazıblar. Bu fakt sübut edir ki, hələ sovet dövlətinin möhkəm vaxtlarında ermənilər türklərə qarşı təşkilatlanmış şəkildə gizli düşmənçilik aparıblar. Təəssüf ki, Şuşinskinin canı qədər sevdiyi doğma Azərbaycanda da ermənilərin səsinə səs verənlər tapılıb. Onlar Firudin bəyə “burjua millətçisi”, “xalqlar dostluğunun düşməni” damğası vurublar, yazıları uzun zaman çap olunmayıb.

Ona görə də bu gün bu görkəmli tədqiqatçının adını başda yazmağımız ədalətli olardı.

 

(Tarixçi Elmar Həsənlinin yazısından istifadə edilib).

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.