İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mədəniyyətin öz yeri var, siyasətin öz. Gəlin onun siyasi baxışlarına toxunmayaq. Gəlin onun dahi ssenaristlik məsələsinə önəm verək, SSRİ, Azərbaycan və Rusiyanın ədəbiyyat, kino və teatr sahələrinə verdiyi töhfələrdən danışaq.
Bəli, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun bu gün doğum günüdür. Anadan olmasının 87-ci ildönümüdür.
O, 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub.
15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısıdır.
Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri olub. O, Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi də olub. Ancaq siyasətdən danışmamağa söz vermişdim.
"Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.
Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. Lenin komsomolu mükafatı
3. Azərbaycan SSR dövlət mükafatı
4. SSRİ dövlət mükafatı
5. Rusiya Federasiyasının dövlət mükafatı — 1993, 1995, 1997, 1999
6. "Rusiya Federasiyasının əməkdar incəsənət xadimi" fəxri adı
7. "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı
8. "Şöhrət" ordeni
9. III dərəcəli "Vətənə xidmətə görə" ordeni (Rusiya Federasiyası)
10. Ədəbiyyat və İncəsənət ordeni komandoru (Fransa)
11. Müstəqil Dövlətlər Birliyinin fəxri fərmanı
12. "Teatr Xadimi" qızıl medalı
13. Moskva Dövlət Dumasının fəxri fərmanı
14. "Qızıl Portağal" mükafatı
O, 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilib və 16 martda nəşi Bakıya gətirilib. Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


