“Maraqlı söhbətlər”də Şuşanın ilk komendantı Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Sabir oğlu Cavanşir (Məmmədov) barədə söz açıram.

 

O, 1974-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində (hazırda qəsəbə)  anadan olub.

1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir Ali Hərbi Komandirlər məktəbinə daxil olub. 1993–1994-cü illərdə Kəlbəcər, Ağdərə və Tərtər istiqamətlərində döyüşüb. 1994–2000-ci illərdə Tərtər cəbhəsində tağım komandirindən tabor komandiri vəzifəsinədək yüksəlib.

2000-ci ildən XTQ-də xidmətə başlayaraq XTQ məktəbinin rəisi, 2002-ci ildən isə Xüsusi Təyinatlı Alayın qərargah rəisi olub. 2002–2004-cü illərdə Azərbaycan və Türkiyə Hərbi Akademiyalarında təhsil alıb. 2004–2006-cı illərdə “Yaşma” alayına komandanlıq edib və düşmən arxasında əməliyyatlarda fərqlənib. 2006–2011-ci illərdə motoatıcı briqadalara rəhbərlik edib, 2011–2013-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kafedra rəisi olub. 2013-cü ildə XTQ komandanının müavini təyin edilib və 2015-ci ilədək xüsusi əməliyyatlara rəhbərlik edib. Aprel döyüşlərində də iştirak edən Z. Məmmədov 2016-cı ildə qanunsuz tələblərə etiraz olaraq ehtiyata çıxıb.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə qayıdıb. Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq edib, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olub. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərib və Şuşanın ilk komendantı təyin edilib.

Zaur Cavanşir Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik edib. “Azərbaycan Bayrağı” ordeni  və bir çox medallara layiq görülüb.

Onu da qeyd edək ki, Zaur Məmmədov Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.