“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcidin bir qeydini diqqətinizə çatıdırır.
Məşhur telepat, hipnozçu, öncəgörən, psixoloji eksperimentlər ustası Volf Messinqdən söhbət düşür. Onun 2026-cı ilin 26 yanvarıyla bağlı proqnozları indi sosial şəbəkələri bürüyüb. Birdən Anar müəllim qayıdır ki, mən onu görmüşdüm:
"1952-ci ildə atam, Ənvər Məmmədxanlı, bacım Fidan və mən Odessaya getmişdik. Onun konsert-tamaşasında iştirak etdik. Ənvəri münsiflər heyətinə dəvət etdilər. Atam da qabaq sırada oturmuşdu. Fidanla mən arxada idik. Yazılı suallar verirdilər. Zalı gəzib cavablayırdı. Bir də gördüm, mən tərəfə gəldi, biləyimdən tutdu. Enerjisini hiss edirdim. Məni qaldırdı, əlini biləyimdən çəkmədən atama tərəf apardı. "Sizin oğlunuz budu" - deyib atamın cibinə əlini saldı, deputat vəsiqəsini çıxardıb baxdı: "Bu sənə hələ tezdi" - deyib yerinə qoydu.
Sən demə, atam sual-tapşırıq yazıbmış ki, mənim oğlum bu zaldadı, onu tapıb yanıma gətirə, cibimdən nəsə çıxarıb ona göstərə bilərsənmi?"
Və mən Xalq yazıçısı Anarın yaşadığı qeyri-adi ömrə, onun unikal yaddaşına bir daha heyrət edərək susub düşünməyə başladım...
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


