Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Atasını itirdikdən sonra 4 il boyunca onun telefonuna mesajlar göndərdi. Ölümünün dördüncü ildönümündə isə telefondan bir mesaj gəldi və onu heç gözləmədiyi bir həqiqət qarşıladı...
ABŞ-ın Arkanzas ştatında yaşayan Chastity Patterson, atasını dörd il əvvəl itirəndə cəmi 19 yaşında idi. Atasını itirməyin ağrısına dözə bilməyən qız yoxluğa alışmaq əvəzinə, həsrətini azaltmaq üçün fərqli bir yol seçdi və atasının ölümündən sonra dörd il ərzində hər gün onun telefonuna mesajlar yazdı.
Gününün necə keçdiyini danışdı, gün ərzində başına gələn yaxşı və pis hadisələrdən bəhs etdi. Atasının ölümünün dördüncü ildönümü yaxınlaşarkən, “Sabah mənim üçün çətin bir gün olacaq” sözləri ilə başlayan mesajını hər zamanki kimi atasının telefon nömrəsinə göndərdi.
Newport şəhərində yaşayan 23 yaşlı Chastity Patterson, gözlənilmədən, atasını itirdikdən sonra ilk dəfə göndərdiyi mesaja cavab aldı.
Sən demə, atasının telefon nömrəsini istifadə etməyə başlayan Brad adlı bir adam, Chastitynin mesajına duyğulu bir cavab yazmışdı:
“Salam, canım. Mən sənin atan deyiləm, amma demək olar ki, son dörd ildir sənin mesajlarını alıram. Səhərlər ‘sabahın xeyir’ mesajlarını səbirsizliklə gözləyirəm, axşamlar isə gün ərzində başına gələnləri yazdığın mesajları maraqla oxuyuram.
Mənim adım Braddir. Qızımı 2014-cü ilin avqust ayında bir avtomobil qəzasında itirdim. O gündən bəri isə sənin mesajların məni ayaqda saxlayır. Sən mənə mesaj yazanda bunu Tanrıdan gələn bir işarə kimi qəbul edirəm. Yaxınını itirdiyin üçün çox üzgünəm.
Səni illər boyu dinlədim, böyüməyinə və zamanla dəyişib başqa bir insana çevrilməyinə şahid oldum. Uzun illər mesajlarına cavab vermək istədim, amma qəlbini qırmaqdan qorxdum. Sən çox xüsusi bir qızsan və ümid edirəm ki, qızım sağ olsaydı, sənin kimi biri olardı.
Hər gün mənə mesaj yazdığın və Tanrının varlığını xatırlatdığın üçün təşəkkür edirəm. Hər şey yoluna düşəcək. Çətin dövrlərdən keçmək məcburiyyətində qaldığın üçün üzgünəm. Səninlə fəxr edirəm.”
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


