Belə ustad ifaçılar tarixdə az-az yetişib Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tar – Ramiz Quliyev. Kamança – Habil Əliyev. Qarmon – Avtandil İsrafilov. Skripka – Natiq Nuriyev. Gitara – Rəmiş. Saz – Ədalət Nəsibov... Və bu sırada qaboy – Kamil Cəlilov!

 

Bu gün qaboy ifaçısı, Xalq artisti Kamil Cəlilovun doğum günüdür

O, 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub.  Atası Cəlil İkinci Dünya müharibəsində ayaqlarını itirib. Əlil arabası ilə gəzib. Sənəti dülgərlik olub. Musiqiyə də xüsusi maraq bəsləyib. O, oğlunun musiqi məktəbində təhsil almağını istəyib. Hətta Kamilə balaca bir nağara da düzəldib.

Kamil Cəlilov qışı Bakının Yuxarı məhəlləsində, yayı isə Buzovnada keçirib. Orta təhsilini Bakıdakı 176 nömrəli tam orta məktəbdə alıb. Eyni zamanda o, 1955-ci ildə Bakı şəhər 1 saylı musiqi məktəbində dərs alıb, onun istedad və bacarığı müəllimlərinin diqqətini cəlb edib. Kamil Cəlilov musiqi məktəbinə oxuyana qədər qoboy haqqında heç bir təsəvvürə malik deyildi.

Eşitdiyi bu musiqi alətinin səsi onu cazibəsinə salıb, məhz bu musiqi alətinin ifaçısı olmaq qərarına gəlib. Onun bu alətə olan bağlılığı atasının qəzəbinə səbəb olub və o, oğlunun qoboy sinfində təhsil almasına iradını bildirib. Kamil Cəlilov isə atasının təkidinə baxmayaraq, sevdiyi alətdən ayrılmayıb.

 

2017-ci ildə Kamil Cəlilovun xatirələrindən:

"Qoboy çalmağa başladığım dövrlərdə elə bəzi zərbələri də məhz atamdan almışam. Nə bilim, gah qoboyumu sındırıb, gah məni zirzəmiyə salıb. Bütün bunlar məni sarsıtmadı. Əvvəla atam idi. O, nə etsəydi, haqqı vardı. Digər tərəfdən də mən o qədər bu qoboya aludə olmuşdum ki, onsuz da vaxt tapıb onu çalırdım. Bir də ki, atamın əlil olması təbii ki, onun əsəblərinə də təsir etmişdi.

 

 Görünür, bəzən qoboyun səsi onu narahat edirdi. Hətta buna görə mən evin zirzəmisində özümə bir balaca şərait yaradıb orada çalırdım. Təbii ki, orada nəmişlik olduğundan bu alətin səsinə mənfi təsir edirdi. Nəhayət, bu çətinliyimi görən anam Sürəyya xanım atamdan xahiş etdi ki, evdə çalmağıma icazə versin. Beləliklə, anam məni o zirzəmidən çıxartdı"

 

O, bilik və bacarığı ilə beş il nəzərdə tutulmuş proqramı iki ilə mənimsəyib. 14 yaşında ikən musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə, Fuad Sadıqbəyovun sinfinə daxil olub və 1959-cu ildə orada təhsilini başa vurub. İmtahanda Azərbaycan və Qərb bəstəkarlarının bir neçə əsərlərini çalaraq konservatoriyaya daxil olub.

İmtahan verərkən konservatoriyanın rektoru Cövdət Hacıyev Kamil Cəlilovun ifasına qulaq asandan sonra ona rusca "У него природный звук" (azərb. Onda təbiət səsi‎) qiymət verib.  Müəllimi Üzeyir Hacıbəyovun vaxtilə Kazandan dəvət etdiyi Vasiliy Aleksandroviç Knyazkov olub. Sonra müəllimi Knyazkovun tələbəsi Azər Abdullayev olub.

Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub. Ona dərs deyən, ifa tərzinə, duyumuna bələd olan müəllimlərinin təkidi ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Kamil Cəlilov 1965-ci ildən ixtisaslı qoboy ifaçısı kimi sənətə vəsiqə alıb.

1960-cı ildə Latviyada keçirilən "Komsomol dostluğu" həftəliyində Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olan Müslüm Maqomayev və tələbə Kamil Cəlilov təmsil ediblər. Həmin festivalda Kamil Cəlilov I yer üzrə mükafata layiq görülüb.

1965-ci ildə Nazim Rzayevin rəhbərlik etdiyi indiki Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə solist təyin olunub. Həmin illərdə Kamil Cəlilov həm də Azərbaycan Televiziya və Radiosunun simfonik orkestrində solist olaraq çalışıb.

Bu orkestrdə bir müddət çalışdıqdan sonra Gülarə Əliyeva onu yenicə təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblına dəvət edib. Kamil Cəlilov hər iki yaradıcı kollektivlə birgə çalışaraq, sənət yolunun ilk uğurlu illərini yaşayıb.

Kamil Cəlilov beynəlxalq müsabiqələrdə də iştirak edib. 1976-cı ildə Filippinin paytaxtı Manilada keçirilən Afrika və Asiya ölkələrinin IV Beynəlxalq musiqi müsabiqəsində "Çahargah" muğamın ifa edərək I dərəcəli "Büllur mükafat"a layiq görülüb. Bu ifanın UNESCO nəzdində IV Beynəlxalq musiqi müsabiqəsinin şurası tərəfindən dünyanın radiostansiyalarının proqramında səsləndirilməsi tövsiyə edilib.

1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub. Kamil Cəlilovun sözlərinə görə:

"Mənim "Çahargah ahəngi"m 1976-cı ildə Filippində birinci yerə layiq görüldü. Bundan sonra həmin ifam plastinkaya salındı. Onsuz mənim Moskvanın ümumittifaq radiosunda mahnılarım yazılmışdı. Buna görə də təzədən ifamı yazmağa ehtiyac qalmadı. UNESCO da mənim ifamı bəyənmişdi. "Çahargah ahəngi" əsərimi onlar özü seçdilər, mən heç bir təklif vermədim."

Voyacer qızıl plastinkası haqqında məlumatlarda Kamil Cəlilovun o melodiyanı balabanda ifa etməsi qeyd olunsa da, musiqiçi bunu inkar edir:

"Mən o mahnını balabanda yox, qoboyda ifa etmişdim. Kimlərsə bilərəkdən, ya bilməyərəkdən yazırlar ki, guya orda balaban səslənir."

 

Mükafatları

1. I dərəcəli mükafat

2. Ümumittifaq Lenin komsomolu mükafatı

3. Azərbaycan SSR əməkdar artisti

4. Azərbaycan Respublikasının xalq artisti

5. "Şöhrət" ordeni

6. "Şərəf" ordeni

 

Ustad ifaçı 2022-ci il fevralın 22-də Bakı şəhərində vəfat edib. Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.