Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, "Ədəbiyyat və İncəsənət" portalının əziz izləyiciləri!
Bəzən bir şeir bizi bizdən yaxşı tanıyar, daxilimizi misralarda əks etdirər, ruhumuzu soyuq külək kimi titrədər. O şeir kədərləndirər, düşündürər. Elə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının əsas mahiyyəti budur.
Bu gün də dəyərli bir qonağımıza- Təbrizdə yaşayıb yaradan Əli Çağlaya "Sevdiyin şeiri gəl mənə" söylə deyəcəyik. Yeri gəlmişkən, o, həm də bizim portalın Güney Azərbaycan təmsilçimizdir.
-- Salam, əziz Əli bəy, xoş gördük, söz Sizindir.
-- Salam Ülviyyə xanım, xoş gördük. Gözəl layihənizə məni də dəvət etdiyiniz üçün minnətdaram.
Mənim ən son günlər sevdiyim şeir Güneyli şair Zaman Paşazadənin "Bob Ross ilə rəsm ləzzəti" şeiridir.
Mən həmişə belə düşünmüşəm ki, şeir, şair ilə oxucunun arasında qurulan əlaqə vəsaitidir. Bu şeiri isə oxuyanda Zaman Paşazadə ilə daha çox əlaqə qura bilirəm. Bu şeir Bob Rossun sakitcə xərçəng xəstəliyi ilə ölümə yönələn rəsmlərinin dilini estetik bir maskaya çevirərək, oxucunu unudulmuş bir faciənin içinə aparır. “Xəyal gücünüzü özgür buraxın” deməsi əvvəlcə yaradıcılıq azadlığı kimi səslənsə də, az sonra yaddaşdan qaçma texnikasına çevrilir: asid yağışını, duz qasırğasını, quruyan Urmu gölünü düşünməməyi, unutmağı öyrədilir. Beləcə, rəsm prosesi yalnız gözəllik yaratmır, həm də reallığın üzərinə çəkilən titan-bəyaz bir susdurma qatına çevrilir. Şeirin mərkəzində duran flaminqolar və Urmu gölü artıq təbiət obrazı deyil, kollektiv vicdanın simvoludur. “Bir dəqiqəlik sükut ölüm məşqidir” misrası ilə Zaman Paşazadə sükutu vərdiş və gündəlik halına gəlmiş bir yoxluq kimi təqdim edir. Görünür ki, şairin dünyagörüşü genişdir və rəvayətlənən mətni mahircəsinə prozadan çıxarıb şeirləşdirə bilibdir.
BOB ROSS İLƏ RƏSM LƏZZƏTİ
Bir dəqiqəlik sükutdan sonra uçdu Flaminqolar
Ağ bir məzarlıq qaldı ayaqlarının altında
Ağ bir rəsm bumu...
Mən Bob Ross
Sizinlə bu ağ Xaos laboratoriyasındayam
Əlinizədəki fırçanı tanrı kimi tutun
Xəyal paletindən lacivərd mavisini seçin
Göy üzü boşluğunu
Mavi başlamalıyıq.
Xəyal gücünüzü özgür buraxın
Siz bu dünyanın yaradıcısısınız.
Hə! elə bu sağ köşədə
Bir bulud yaşayırmış bəlkə.
Bir az titan bəyazı qatırıq
Yumşacıq zərbələrlə
Ağ bir bulud yaranır
Bax belə...
Kəsin, arxadaşsız darıxacaq buludumuz
Elə isə kiçik, xoşbəxt, buludlar çizirik
Fırladaraq-fırladaraq fırçanı.
Bu rəsm, boyalı bir flaşbək,
Ağ qara bir gələcək rəsmidir;
Bir az keçmişə dalalım
Unutmayıbsızsa dəniz var imiş buralarda
Unutmayıbsızsa Urmu mavisi deyə bir boya var
Fırçanızı Urmu boyayın
Heç bir sınır yoxdur
Qoyun həyat su kimi axsın
Urmu gölü var imiş deyə düşünün
Sayxın bir gölün qırağında öldüyünüzü düşünün
"Bu an, burada" texniki ilə
Fırçamızla dünyaya toxunuruq
Sağdan sola
Soldan sağa
Yaşıl bir hüzur
Mavi bir özgürlüklə
Dəniz döşəyirik duzlağa
Dalğaların səsini də çizirik
Havanın sərinliyini də.
Dərin bir nəfəs alın
Aldığınız bu nəfəsdə
Gölün mavi qoxusunu içinizə alırsınız
Başınızı qaldırıb göy üzünün maviliyinə baxırsınız
Burnunuzla havanı içinizə çəkib, "Mavi göl" deyərək eşiyə ötürürsünüz.
İndi nəfəsinizin gedib gəlməsinə odaqlanırsınız
Özünüzü rahat hiss edirsiniz
Sıxıntılarınızı fırçanı çaldıqca geridə buraxırsınız
Hə! elə indi, burada
Dənizin ortasında bir ada var
Adını xoşbəxtlik qoyun
Bir gəmi var
Nuh gəmisi
Bütün varlığı qurtaracaq bir gəmi,
Heç bir şey imkansız deyil,
Yağış yağacaq bir azdan
- Yox yağışı unudun
Düşünməyin
Xəyalınızı o qədər də özgür buraxmayın
Əsid yağısını unudun
Duz qasırğasını düşünməyin
Diqqətiniz dağılmışsa
Təkrar nəfəs almağa,
Mavi göl kəlməsinə odaqlanın
Flaminqo yerinə Əbabil qoymayın
Duz yerinə Siccil qoymayın
Heç bir şey olmamış kimi davranın
Xəyal edin; bulud kimi sovuşur gərginlikləriniz
Sükutu dinləyin
Xəyal edin xoşbəxtsiniz...
Bir dəqiqəlik sükut ölüm məşqidir
Bir dəqiqəlik sükutdan sonra
uçdu Flaminqolar
Şəhərin üstündə səs divarını sındırdılar
Səs insanların başına düşdü.
Sükutla anılan ölülərin səsi doldu şəhərə
Mən Bob Ross!
Xərçəngdən ölmüş,
bir təbiət rəssamıyam.
“Ədəbiyyat və incəsənət”
(26.01.2026)


