Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Xoş gördük, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. "Şair həyatda yaxşı nə varsa götürür və öz əsərinə daxil edir. Ona görə onun əsəri gözəl, həyatı isə çirkin olur”, - belə deyib Lev Tolstoy.
Poeziya haqqında çox gözəl fikirlər söylənilib və söyləniləcək də. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonaqlarının da poeziyaya olan sevgiləri böyükdür.
Bu dəfə rubrikamızın qonağı Gülər Natiq İsaqdır.
--Xoş gördük, Gülər xanım, Sizə də bu an üçün: " Sevdiyin şeiri gəl mənə söylə"- deyirik.
-- Xoş gördük, Ülviyyə xanım, bu gözəl layihəyə məni dəvət etdiyiniz üçün sizə minnətdaram.Mən Cəfər Cabbarlının „Ana“ şeirini çox sevirəm. Indiyə qədər oxuduğum heç bir şeir ruhumu bu qədər titrətmədi.
Bu şeir haqqında hisslərimi, düşüncələrimi əslində lap çoxdan bir yerdə qeyd etmişdim. O şeirin bir qələm əhli olaraq, mənə nələr ötürdüyünü ana olandan sonra daha çox hiss etməyə, dərk etməyə başladım.
Çünki Cəfər Cabbarlının “Ana” şeiri mənim üçün sadəcə bir bədii mətn deyildi, insan ruhunun ən dərin, ən müqəddəs nöqtəsinə toxunan bir etiraf idi.
Bu şeiri sevməyimin əsas səbəbi ondadır ki, şair burada ananı adi bir valideyn kimi yox, bütün varlıqdan uca, toxunulmaz bir həqiqət kimi təqdim edir...
Şeirdə diqqətimi ən çox çəkən məqam Cabbarlının dünyadakı bütün qorxulara, təhdidlərə, zorakılıqlara qarşı dik durmasıdır. O, nə ölüm qorxusuna, nə gücə, nə də maddi vədlərə boyun əyir. Şair üçün dünyada elə bir qüvvə yoxdur ki, onun ləyaqətini sındıra bilsin. Lakin bütün bu məğrurluğun, üsyanın içində yalnız bir ad qarşısında səcdə var, ANA...
Məhz bu ziddiyyət şeiri çox güclü və təsirli edir.
Bu şeirdə ana obrazı gücsüzlük yox, ən ali güc kimi verilir. Şair ananın ayağına düşməyi alçalmaq yox, fəxarət sayır. Bu, ana sevgisinin insanı necə saflaşdırdığını, necə ucaltdığını göstərir. Ana qarşısında əyilmək, insanlığın öz mahiyyətinə qayıtmasıdır.
Şeir mənə onu da anladır ki, dünya nə qədər sərt, amansız və qorxulu olsa da, insanın sığındığı bir liman var. Ana səsi, ana qucağı, ana laylası bütün fırtınalardan güclüdür. Bu hisslər mənə çox doğmadır, çünki hər insan kimi mən də həyatın çətin anlarında ən çox məhz bu sığınacağa ehtiyac duyuram...
Cəfər Cabbarlı bu şeirdə anaya olan sevgini şüar kimi yox, inanc səviyyəsində təqdim edir. Elə buna görə də “Ana” şeiri mənim üçün dəyərlidir: o, mənə həm insan olmağı, həm də minnətdar, daim borclu olmağı xatırladır...
Məncə, bu duyğu hisslərin ən alisidir...
"ANA"
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
“Ədəbiyyat və incəsənət”
(23.01.2026)


