Sözdən yaranan incilər Featured

 

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox  kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

  

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz və  lazımlı  bir məktəbdir.

 

 AĞALAR   İDRİSOĞLU  (1950), yazıçı, dramaturq, rejissor,

                                  jurnalist, publisist, esseist

 

- Bilmədiyinizi başqasından soruşmaqdan çəkinməyin. Bu, sizin nüfuzunuza xələl gətirməz.  Əslində nüfuzunuzu artırar.

- Mən uğur qazamağımda düşmənlərimə borcluyam. Çünki onlar mənə pislik etdikcə, məni yaradıcılığa daha çox həvəsləndiriblər.

- Əgər doğulduğun məmləkətdə sənə qiymət vermirlərsə, bu, sənin günahın deyil. Həmin ölkənin məmurlarının faciəsidir ki, idtedadlı insanlarını dəyərləndirə bilmir.

- Dostluqda təmiz olmayanın dostu ola bilməz.

- Əgər düşməninin zərrəcə müsbət cəhətini görə bilirsənsə, onu səbrlə ram edə bilərsən və hətta həmin düşməni  dosta da  çevirməyi bacararsan.

- Keçmişini  bəyənməyən və onun yaxşı cəhətlərini, ənənələrini qoruyub saxlamayan xalq, heç vaxt gələcəyini qura bilməz. Qursa da çox bəsit formada qurar. Çünki kökü olmayan  gələcək, yaşamaz.

- Səbr ağacı elə bir uca ağacdır ki, hər bağda bitmir. Ona görə də ailə quran insanlar o ağacı səbrlə, dözümlə, bir-birinə inanmaqla öz bağlarında bitirməlidirlər ki, qurduqları ailə xoşbəxt və uzun ömürlü  olsun.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.