“Bir direktor və bir şagird”də Elmar Həşimov və Abdullah Məmmədov Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseydir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Həşimov Elmar Həşim oğlu 03.02.1971-ci ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin birinci sinfinə qəbul olmuş, 1987-ci ildə həmin məktəbi bitirmişdir.

1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1992-ci ildə ali təhsilini başa vurmuşdur. 1992-ci ildə Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuş, 1996-cı ildə həmin universiteti bitirmişdir.

31.08.1996-cı il tarixindən 15.11.1996-cı il tarixinədək Bakı şəhəri Binəqədi rayonu R.İmanov adına 205 nömrəli tam orta məktəbdə fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır.

02.11.1996-cı il tarixindən 20.06.1998-ci il tarixinədək Azərbaycan Respublikası DİN-in Daxili qoşunlarının 99713 saylı hərbi hissəsində siyasi və sosial işlər üzrə bölmədə şəxsi heyətlə iş üzrə təlimatçı vəzifəsində xidmət etmişdir.

31.08.1998-ci il tarixindən 01.11.2004-cü il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə hərbi rəhbər və riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir.

04.11.2004-cü il tarixindən 02.05.2005-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə riyaziyyat müəllimi, eyni zamanda tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Pedaqoji fəaliyyəti dövründə bir neçə  seminar, təlim və konfranslarda iştirak etmişdir.

02.05.2005-ci il tarixindən 20.11.2007-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə ali təhsilli riyaziyyat müəllimi və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

20.11.2007-ci il tarixindən 17.10.2022-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin direktor vəzifəsində fəaliyyət göstərmişdir.

17.10.2022-ci il tarixindən etibarən Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyində direktor vəzifəsində çalışır.

 

ŞAGİRD:

Mən, Məmmədov Abdullah Vüqar oğlu, 14 sentyabr 2012-ci ildə Şəki şəhərində anadan olmuşam. Hal-hazırda 246 saylı məktəbin VIII sinfində təhsil alıram. Keçirilən dərslərə diqqətli və məsuliyyətlə yanaşıram. Texniki fənlərə xüsusi maraq göstərirəm. Respublika fənn olimpiadalarının final mərhələlərində iştirak etmişəm. 2024-cü ildə “American Mathematics Olympiad” yarışmasında III yerə layiq görülmüşəm. Müxtəlif kurslar tərəfindən təşkil olunmuş bilik yarışlarında fəxri fərmanlar qazanmışam.

Dərslərdən əlavə idmanla məşğul oluram. 7 ildir futbola gedirəm. Respublika və regional səviyyəli bir çox turnirlərdə iştirak etmişəm.

Boş vaxtlarımda kitab oxuyur, oyunlar oynayıram.

 

ESSE:

Sağlam bədəndə sağlam ruh və sağlam düşüncə olar

İdmanın insan sağlamlığına və mənalı yaşamasına böyük faydası  var. İdman bizə həyatı nizamlamağı, sağlamlığımıza zərər verən pis vərdişlərdən uzaq olmağı aşılayır. İdmanla məşğul olmaqla biz sağlam və gümrah oluruq, həm də gündəlik göstəricilərimizi- işləri planlı şəkildə həyata keçirməyə vərdiş edirik. İdman həmçinin bizim sosiallaşmağımıza, yeni dostlarla tanış olmağa kömək edir. İnsan yalnız maddi varlıq deyil. İnsanın mənəvi tərəfləri də vardır. Oxuduğumuz kitablar, əldə etdiyimiz biliklərlə yanaşı, məşğul olduğumuz idman növləri də bizim mənəvi ehtiyaclarımızı qarşılayır.

Hər bir idman növünün insanlara münasibətdə öz fəlsəfəsi vardır. İdmanla məşğul olmaq bizdə sağlam rəqabət, qalib gəlmək üçün əzmlə çalışmaq, çətinliklərə sinə gərmək, obyektivlik, dözümlülük, səbir və hörmət kimi mənəvi dəyərlərin formalaşmasına kömək edir. Bir dövlətin gücü, gələcəyi orada yetişən sağlam və savadlı gənclərin çiyinlərindədir.

İdman həmçinin dövlətlərin dünyada tanınması üçün mühüm bir vasitədir. Azərbaycan Respublikasının son onilliklərdə idman ölkəsi imicini qazanması bu missiyanın bariz nümunəsidir. Ölkəmizdə təşkil olunan dünya səviyyəli beynəlxalq yarışlar ölkəmizin dünyaya tanınmasında əvəzsiz rol oynayıb. İdmançılarımızın qazandığı qələbələr nəticəsində üçrəngli bayrağımızın yüksəkdə dalğalanması, himnimizin səslənməsi dünya dövlətləri arasında Azərbaycanın da imzasının olmasının təsdiqidir.

İdman qloballaşan dünyamızda insanların bir çətir altında dilindən, dinindən, cinsindən və ya sosial mənsubiyyətindən asılı olmayaraq bir araya gəlməsinə və yeni bir hədəf uğrunda mübarizəyə səfərbər etməklə, sülh və təhlükəsizliyə töhfə verən çox böyük bir dəyərdir. Tarixdən məlumdur ki, Yunanıstanda Olimpiya oyunları keçirilən zaman müharibələr dayandırılırdı. Biz inanırıq ki, bu gün dünyada öz təsdiqini tapmış sağlam idman prinsipləri, dörd bir tərəfini düşüncə bürümüş dünyamızı sülh və əmin-amanlığa çıxaracaq. Çünki sağlam bədəndə sağlam ruh və sağlam düşüncə olar.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.