Sözdən yaranan incilər Featured

 

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox  kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

 “Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz və  lazımlı  bir məktəbdir.

 

 

 AĞALAR   İDRİSOĞLU  (1950), yazıçı, dramaturq, rejissor,

                                  jurnalist, publisist, esseist

 

 

- İlk təəssüratınıza inanmayın. Çünki bu, çox vaxt yanlış olur.
- Pis söz deməyə can atmayın. Çünki pis söz deyən pis söz də eşidər.
- Bağışlamağı bacarın. Bağışlamağı bacarmaq yalnız geniş ürəkli insanlara nəsib olur.
- Öz xasiyyətinizdə, öz daxilinizdə nəyin çatışmadığını həmişə öyrənməyə çalışın və həmişə onlarla mübarizə aparın.
- Çox ağıllı olmaqdansa, çox cəsarətli olmaq daha yaxşıdır. Çünki hər şeyin anası cəsarətdir.

- Qiymətdə aldanmaq yox, malda aldanmaq pisdi. Ona görə də aldığınız malı yaxşı-yaxşı yoxlayın və yüz dəfə ölçüb, bir dəfə biçin.
- Nadan tənəsinə dözməyi bacarın. Bilin ki, dözüm  əvəzsiz ürək rahatlığıdır.
- İnsan var sözü ilə, insan da var ki, işi ilə tanınır. Bunlar, insan üçün biri-birindən çox vacib keyfiyyətlərdir.
- Bir uğursuzluq, yüz uğuru məhv edir. Ona görə də hər hərəkəti eləyəndə, hər sözü deyəndə yüz dəfə ölçüb-biçin ki, sonra peşiman olmayasız.
- Həmişə ehtiyatda bir şey saxlayın. Bu, qələbə üçün girovdur.

 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.