Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu dəfə “Maraqlı söhbətlər”də Azərbaycanın İrandakı keçmiş səfiri (1998-2009-cu illər) Abbasəli Həsənovun hazırkı İran prezidenti Məsud Pezeşkian barədə xatırlamalarını təqdim edirəm. Çox diqqətçəkən məqamlar var, maraqla oxuyacaqsınız.
“ Məsud Pezeşkianın əqidəcə milliliyini isbatlayacaq bircə misal gətirəcəm: Pezeşkian 2002-ci ildə səhiyyə naziri təyin olunanda paytaxt Tehranda onunla rəsmi görüşə getdim. Məqsədim səfir olaraq Azərbaycandan gələn xəstələrin güzəştli müalicə və dərmanlarla təminatı məsələsini qaldırmaq idi. Öncədən bu haqda xəbərdar etdiyimdən görüşümüzdə nazirliyin müvafiq idarələrinin rəisləri də iştirak edirdilər. Səhv etmirəmsə, 5 vəzifəli məmur iştirak edirdi. Onlardan 3-ü türk dilində bilmirdi. Qeyri-rəsmi hissədə Məsud bəylə türk dilində danışaraq bir-birimiz, dost-tanış haqda hal-əhval tutduq. Ancaq rəsmi hissədə mən fars dilində danışmağa başladım, çünki İranın dövlət dili fars dilidir. Çıxışıma başlayanda Pezeşkian məni saxlayıb soruşdu ki, dayan, qardaş, öz dilimizdə niyə danışmırsan? Cavab verdim ki, axı sizin əməkdaşların çoxu türk dilini başa düşmür, dediklərimi anlamayacaqlar, söhbəti yazıya almalıdırlar. Pezeşkian isə qətiyyətli şəkildə bildirdi ki, onlar türk dilini bilmirsə, bu, onların müşkülüdür, zəhmət çəkib türk dilini öyrənsinlər. Dedi ki, siz və mən fars dilini öyrənmişik, onlar da türk dilini öyrənsinlər. Həmin olaydan sonra Pezeşkianla bütün rəsmi görüşlərimizdə də Azərbaycan türkcəsində danışırdım...”
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


