“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Həşimov Elmar Həşim oğlu 03.02.1971-ci ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin birinci sinfinə qəbul olmuş, 1987-ci ildə həmin məktəbi bitirmişdir.
1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1992-ci ildə ali təhsilini başa vurmuşdur. 1992-ci ildə Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuş, 1996-cı ildə həmin universiteti bitirmişdir.
31.08.1996-cı il tarixindən 15.11.1996-cı il tarixinədək Bakı şəhəri Binəqədi rayonu R.İmanov adına 205 nömrəli tam orta məktəbdə fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır.
02.11.1996-cı il tarixindən 20.06.1998-ci il tarixinədək Azərbaycan Respublikası DİN-in Daxili qoşunlarının 99713 saylı hərbi hissəsində siyasi və sosial işlər üzrə bölmədə şəxsi heyətlə iş üzrə təlimatçı vəzifəsində xidmət etmişdir.
31.08.1998-ci il tarixindən 01.11.2004-cü il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə hərbi rəhbər və riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir.
04.11.2004-cü il tarixindən 02.05.2005-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə riyaziyyat müəllimi, eyni zamanda tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Pedaqoji fəaliyyəti dövründə bir neçə seminar, təlim və konfranslarda iştirak etmişdir.
02.05.2005-ci il tarixindən 20.11.2007-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə ali təhsilli riyaziyyat müəllimi və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
20.11.2007-ci il tarixindən 17.10.2022-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin direktor vəzifəsində fəaliyyət göstərmişdir.
17.10.2022-ci il tarixindən etibarən Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyində direktor vəzifəsində çalışır.
ŞAGİRD:
Mən, Zeynəb Camal qızı Tahmazova 14.08.2010-cu ildə Cəlilabad şəhərində anadan olmuşam.
2016-cı ildə 246 nömrəli məktəb liseyin 1d sinfində oxumağa başlamışam. Uşaqlıqdan bəri ədəbiyyata, incəsənətə və tibbə xüsusi marağım olub.
29 dekabr 2023-də Bakı şəhərində “Düşün şagird” müsabiqəsində 3-cü yeri tutduğuma görə təltif olunmuşam. Bundan əlavə müxtəlif yarış və müsabiqələrdə, tədbirlərdə fəal iştirak etmişəm.
Hal-hazırda IV qrup üzrə hazırlaşıram. Arzum isə bacarıqlı cərrah olmaqdır.
ESSE:
Kitab – düşüncənin memarı
İnsan ömrü suallar üzərində qurulub: kimik, haradan gəlmişik və hara gedirik? Bu suallara cavab tapmaq üçün bəzən uzun yollar qət edirik. Halbuki həmin cavabların çoxu əsrlər boyu kitabların səhifələrində səssizcə bizi gözləyir. Kitab yalnız bilik mənbəyi deyil; o, insan düşüncəsini formalaşdıran, şəxsiyyəti yoğuran və daxili aləmi zənginləşdirən ən güclü vasitələrdən biridir.
Kitab oxuyan insan hadisələrə tələsik yanaşmamağı öyrənir. Oxu prosesi düşüncəni səbrə alışdırır, insanı ani hökm verməkdən uzaqlaşdırır. Kitab bizə öyrədir ki, hər görünən gerçək deyil, hər susan isə boş deyil. Çünki “Bəzən ən sakit görünən insanlar belə içlərində ruhi fırtınalar gizlədirlər” (A.Q). Bu fikir oxucunu daha anlayışlı, daha empatik və daha ədalətli düşünməyə vadar edir.
Kitab zaman keçdikcə oxucu üçün canlı bir varlığa, onunla danışan bir “güzgü”yə çevrilir. İnsan bu güzgüdə yalnız oxuduğu qəhrəmanları deyil, öz daxili dünyasını da görür. Qorxularını, tərəddüdlərini, gizli arzularını və itirdiyi ümidlərini tanıyır. Kitab insanı keçmişin yükündən azad olmağa çağırır: “Arxadakı körpüləri yandır” (R.A). Bu çağırış insana cəsarət verir, onu yenidən başlamağa ruhlandırır. Həyatın çətinlikləri qarşısında isə kitab sanki səssizcə pıçıldayır: “Çətin olsa da, həyat davam etdirilməlidir” (R.A).
Bəzən insan özünü xoşbəxt saymır, həyatın mənasını itirdiyini düşünür. Məhz belə anlarda kitab insanın əlindən tutan görünməz bir dost olur. O, xoşbəxtliyin böyük uğurlarda deyil, kiçik anlarda gizləndiyini xatırladır. “Xoşbəxt olmaq üçün 10 saniyə bəsdir” (R.A) fikri oxucuya həyatın dəyərini yenidən anlamağa kömək edir və ona ümid aşılayır.
Mənim üçün kitab oxumaq sadəcə məlumat əldə etmək deyil, özümə doğru atılan bir addımdır. Hər oxuduğum kitab düşüncəmdə yeni bir pəncərə açır, baxış bucağımı bir qədər də genişləndirir. Bu yolun ən dərin həqiqəti isə Antuan de Sent-Ekzüperinin məşhur fikrində cəmlənir: “Yalnız qəlbinlə baxdığın zaman həqiqəti görə bilərsən. Əsas şeylər gözlə görünmür.”
Nəticə olaraq demək olar ki, kitab insanın daxili dünyasını işıqlandıran bir məşəldir. O, insanı düşünməyə, anlamağa və dəyişməyə məcbur edir. Kitab oxuyan insan yalnız daha savadlı deyil, həm də daha kamil, daha mərhəmətli və daha şüurlu bir şəxsiyyətə çevrilir. Məhz buna görə kitablar insan düşüncəsinin memarı, ruhun isə ən sədaqətli yol yoldaşıdır.
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


