Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
1953-cü ildə ingilisl bioloqu Riçard Dennis Afrikadan inanılmaz bir göbələk gətirdiyini bildirir. Əslində isə bu, otların içərisində itib qalmış və sonralar otları yandırarkən, odda yanmış bir qolf topu idi...
Həmin illərdə Riçard Dennis Kral Botanika Bağında mikologiya şöbəsinin müdiri idi. Onun əla yumor hissi var idi, yəqin ki, buna görə də elmi ictimaiyyətlə zarafat etmək qərarına gəlir. Riçard Dennis yeni göbələk növünü latınca "yanmış qolf topu" mənasını verən "Golfballia ambusta" adlandırır. Hətta bu barədə elmi nəşrlərdə məqalələr də yazır. Lakin heç kim bunu fərq etməyir. Çünki məktəblilərə və tələbələrə əziyyət verən latıncanı bioloqların özləri də oxumurdular və buna görə də bu “göbələy”in hansı növə aid olduğunu da fərq etməyirlər.
Və beləliklə, bu "göbələk" nə az, nə çox, düz 50 il London muzeyində nümayiş etdirilir. Maraqlıdır ki, zamanla muzeyin vitrininə və kolleksiyasına daha iki “göbələk” də əlavə olunur. Görünür, bunlar da qolf meydanında otlar yandığı üçün yanğına düşən itmiş qolf topları imiş...
2003-cü ildə Riçard Dennis bu sirri açmadan 92 yaşında vəfat edir. Həqiqət yaxınlarda onun gündəliklərini oxuduqdan sonra ortaya çıxır.
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


