Sözdən yaranan incilər Featured

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox  kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz və  lazımlı  bir məktəbdir.

 

 

 AĞALAR   İDRİSOĞLU  (1950), yazıçı, dramaturq, rejissor,

                                  jurnalist, publisist, esseist


- Hər şeyi eşitməyi və həm də səbrlə susmağı bacarın.
- O kəsdən qorxun ki, başqasının  arxasında gizlənib, öz marağı üçün çalışır.
- Özünü tanımaq, öz qüvvənə bələd olmaq, ən universal dərmandır.
- Nadanlığa qarşı ən yaxşı mübarizə ağılla, soyuq düşüncə və məntiqlə mübarizə aparmaqdır.
- Öz yerinizi, işinizi dəyişməkdən qorxmayın. Bilin ki, hər nə olursa yaxşılığa doğru olur.
- Söz və əməl təkmil, bütöv adamlar yaradır. Çünki danışmaq asandır əməl eləmək çətindir.
- Hörmətli adamları yaxşı tanıyın. Amma böyük adamların arxasında gizlənməyin.

 - Öz böyüklüyünüzü göstərməsəniz, başqalarına  bəh-bəh deməyiniz boş şeydi.
- Yüngül bir işdən yapışanda onu ağır iş kimi bilin. Ağır işdən yapışanda yüngül iş kimi  qiymətləndirin.
- Etinasızlıqla oynamayın. Bunu dəqiq bilin və yadınızda saxlayın ki, etinasızlıq yüngüllük və həriflikdir.
- Səmavi kitablarda yazırlar ki, cənnətdə hər şey sevindirici və gözəldir. Cəhənnəmdə isə hər şey əzablıdır. Amma bizim bundan xəbərimiz yoxdur. Çünki o dünyadan hələ qayıdan olmayıb. Bütün bunlara baxmayaraq, çalışın əməli-saleh işlər görün  və hər işinizdə ədalətli olun  ki, cənnətə düşəsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.