Azərbaycanın ən böyük sevgi şairi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

GETMƏK İSTƏYİRSƏN...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin, saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır...

Yollarlək döşənib ayaqlarına
Sənə yalvarımmı?..
Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil...

Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, qalıbdır əlacım sənə.
Nə sondə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə.

Getmək istəyirsən,
nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,
deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

Bəli, bu ilahi misralar Azərbaycan tarixinin iki ən böyük sevgi şairindən biri (digəri əlbəttə ki dahi Füzulidir) Nüsrət Kəsəmənlidir.

Şair Nüsrət Kəsəmənli 29 dekabr 1945-ci ildə Qazax mahalında - Ağstafa rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir.

Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib.

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib.  "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub (1985-ci ildən). Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

Qeyd etdik, Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılara şeirlər yazıb. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb. On minlərlə gənc sevib-sevilərkən bir-birinə Nüsrətin şeirlərini yollayıblar.

 

Kitabları

1. Sevirsənsə, B., 1971;

2. Gözlərimin qarası, B., 1975;

3. Özümə bənzədiyim günlər, 1979;

4. Gümüş yuxular, B., 1981;

5. Təklikdə danışaq, B., 1983.

 

Məşhur şeirləri

1. Daha nağıllara inanmıram mən

2. Biri vardı, biri yox…

3. Səni unutsam…

4. Vətən alov etsin odunu sənin

5. Mənsiz qalacaqdır bu dünya bir gün

6. Oğru olmaq istəyirəm

7. Ağacın altında kölgə

8. Qoyunlar yeyəcək canavarları…

 

Filmoqrafiya

1. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)

2. Azərbaycana səyahət (film, 1988)

3. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)

4. Doğma sahillər (film, 1989)

5. Dünyada yeganə (film, 1989)

 

Şair Araz həsrətindən, Təbrizsizlikdən də şeirlər yazıb. Tale elə gətirib ki, 15 oktyabr 2003-cü ildə müalicə üçün getdiyi Təbrizdə vəfat edib.

Allah rəhmət eləsin!” deyib də şairin ən populyar və şəxsən mənim də ən srvdiyim şeirini paylaşıram.

Kaş, heç birinizin həyatınıza yağacaq xoşbəxtlik yağışı gecikməsin, əziz oxucularımız.

 

 


GECİKDİ BU YAĞIŞ...

Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz - köhnə yurd yeri,

Torpağı qəmlidir, daşı nəmlidir.
Sırsıra asılıb gül budağından,
Bahan itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
zaman gecikdi,

Gecikdi bir yağış,
yaman gecikdi.

Gecikmiş istəyi nədi göylərin?
İndicə buludlar töküləcəkdir,
Ürəyi doludur xatirələrin.
Dindirsən,
təəssüf hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,
-Boynuna dolanar o ilan kimi
Dəymə,
qoy uyusun nisgil arzular
Yasandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz,
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki dünəni selləmə yağış,
Bayılmış dünənə çilləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi.
Gecikdi bir yağış,
yaman gecikdi.

Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdi...

Daha oyanışa güman ki, yoxdu,
De, nəyə gərəkdir bu son bəraət?
Səndən bir məhəbbət uman ki, yoxdu.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı,
Vaxtında yağmadı, nur çiləmədi
Buludlar qarala-qarala qaldı...
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki,
Bu gündən sonrakı kədər sənindir.
Qovmadın başından
duman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi...

 

“Ədəbiyyat və incəsənət”

 

(29.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.